Tovuz savaşı Ankaranın regionda rolunu artırdı

Tahir Kərimli: "Moskva Türkiyə-Azərbaycan birliyinə qarşı öz mövqeyini gizlədə bilmir"


Tovuz təxribatından sonra Türkiyə rəhbərliyi Azərbaycana ən yüksək səviyyədə hərbi-siyasi dəstək ifadə edib. Hər gün qardaş ölkə rəsmilərindən dəstək bəyanatları gəlməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclasında da bu məsələ xüsusi müzakirə olunub.

Toplantıda vurğulanıb ki, Ermənistan qanunsuz fəaliyyətinə son qoymalı və işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir. Həmçinin, qeyd olunub ki, dünyadakı siyasi və iqtisadi vəziyyət yeni formada nizamlanır. Bu çərçivədə Türkiyə bütün sahələrdə güclü hazırlıq həyata keçirməli, bunun üçün mexanizmlər yaratmalıdır. Qardaş ölkə ictimaiyyəti də iyulun 12-dən etibarən kütləvi aksiyalarla Azərbaycan xalqının yanında olduğunu bəyan etməkdədir. 

Türkiyənin hərbi-siyasi dəstəyinin önəmini “Şərq”ə şərh edən millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, Tovuz hadisələri Ankaranın regiondakı rolunu artırmasına ciddi təkan verdi. Deputat vurğulayıb ki, iki qardaş ölkənin əməkdaşlığı hərbi ittifaq səviyyəsinə qədər yüksəlib:

“Son zamanlar Türkiyə Yaxın Şərqdə, son olaraq Aralıq dənizində və Liviyada ciddi fəaliyyət ortaya qoyub, regionda və dünyada söz sahibinə çevrilib. Ermənilərin Tovuz təxribatı bu prosesdə katalizator rolunu oynadı və çox böyük geosiyasi dəyişikliyin əsasını qoydu. Rusiya İraq, Suriya və Liviyada uduzdu. Türkiyənin havadan müdafiə sistemləri, pilotsuz uçuş aparatları çox dəqiqliklə, itki vermədən rusun hərbi texnikasını sıradan çıxartdı. Türkiyənin Silahlı Qüvvələri sınaqdan çıxmış yüksək səviyyəli silah-sursata sahibdir.

Tovuz istiqamətində təxribat bir növ bu məğlubiyyətin qisası idi və burada ermənilərdən istifadə olundu. Ermənilərin arxasında duran güc yaxşı bilir ki, Azərbaycan ordusunun arsenalında olan silahların əksəriyyəti Türkiyə və İsrail istehsalı texnikalardır”. 

Parlament üzvü bəyan edib ki, Moskva Türkiyə-Azərbaycan birliyinə qarşı öz mövqeyini gizlədə bilmir:

“Ankara bunu çox gözəl başa düşür. Qardaş ölkə rəhbərliyi başda olmaqla, bütün siyasilər, hərbiçilər və ictimaiyyət açıq şəkildə Azərbaycana dəstək verir, Rusiyanın təxribata əl atdığını dilə gətirir. Moskva Ermənistan və Azərbaycanla münasibətlərdə “bərabərlik” işarəsini saxlasa da, həlledici anlarda İrəvanı müdafiə edir. Türkiyə isə hər şəraitdə açıq formada Azərbaycanla olduğunu əyani şəkildə göstərir. NATO üzvü Türkiyənin bizə dəstəyi çox vacibdir”.