Qarabağ münaqişəsi dərhal həll olunmalıdır

Əks halda Qərbin qorxduğu reallaşa bilər


İyulun 22-də BMT-nin baş katibi Antonio Quterreş Prezident İlham Əliyevə telefonla zəng edib. Baş katib Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmalardan narahat olduğunu bildirib. Quterreş danışıqlarda status-kvonun həmişəlik davam edə bilməyəcəyini vurğulayaraq, tərəfləri danışıqların davam etdirilməsinə çağırıb.

Dövlət başçısı isə bildirib ki, Ermənistan tərəfi təkcə Azərbaycan hərbçilərini deyil, kəndləri də atəşə tutub və 76 yaşlı mülki şəxsi qətlə yetirib. Ölkə rəhbəri vurğulayıb ki, toqquşmalar işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan uzaq məsafədə baş verib. Eyni gündə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrellə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında üçtərəfli telefon danışığı da baş tutub. Tərəflər Azərbaycan və Ermənistan arasındakı beynəlxalq dövlət sərhədində baş verən qarşıdurma barədə müzakirələr aparıblar.

Müzakirələr zamanı Borrell hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, xüsusən bölgədəki kritik infrastruktur üçün gələcək təhdidlərdən çəkinməyə çağırıb. Aİ rəsmisi regiondakı bütün aktorların dinc məqsədə töhfə verməli olduğunu vurğulayıb. Borrell şərtlər imkan verən kimi ATƏT-in monitorinqini yenidən davam etdirməyin vacibliyini vurğulayıb. Hər iki nazir bununla razılaşıb. 

Tovuz hadisəsindən sonra Qərb strukturlarının fəallaşmasını “Şərq”ə analiz edən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu deyib ki, Ermənistanın təxribatı Azərbaycanın qətiyyətli addımları sayəsində düşmənin əleyhinə işlədi və əks effekt verdi. Siyasi şərhçinin sözlərinə görə, Ermənistan tərəfinin Moskvanın razılığı, yaxud məlumatı olmadan belə riskli təxribata əl atmasının mümkün olmadığı ehtimal olunur:

“Görünür, beynəlxalq ictimaiyyətin, böyük dövlətlərin, ələlxüsus Türkiyənin sərt reaksiyası Rusiyanı ermənilərin arxasından çəkilməyə vadar etdi. Ancaq Ermənistanın silahlı təxribatının əsl məqsədi regoinal və dünya güclərinə bəllidir. Rəsmi Bakı erməni təxribatının Avropanın enerji və nəqliyyat dəhlizinə ciddi problem yaratdığını açıqca bəyan etdi.

Söhbət strateji kommunikasiya və neft-qaz boru xətlərinin təhlükəsizliyindən gedir. Qərb Moskvaya imkan yaratmaz ki, şaxələndirmək istədiyi enerji təhlükəsizliyi Kremlin nəzarətinə düşsün. Bu, ciddi və fəlakətli silahlı qarşıdurmalara gətirib çıxara bilər. Ona görə də BMT baş katibi və Aİ-nin ali nümayəndəsi səviyyəsində məsələyə dərhal reaksiya verildi. Hər iki qurum tərəfləri təmkinli olmağa çağırdı”. 

Partiya funksioneri vurğulayıb ki, Aİ rəsmisinin bəhs etdiyi kritik infrastruktur layihələr Avropa üçün çox vacibdir: “Məncə, burada həm də “Metsamor AES” də nəzərdə tutulur. Çünki ara-sıra bizim ekspertlər də “Mestamor AES”in vurula biləcəyi ilə bağlı açıqlamalar verirlər. Bu köhnə stansiya da Avropa üçün ciddi risk yaradır. O baxımdan regionda kritik infrastruktur layihələrə hansısa kiçik təhlükənin yaranma ehtimalı Qərbi ciddi narahat edir. Biz Qərbin narahatlığını başa düşürük.

Bununla belə Qarabağ münaqişəsinin həmişəlik konservləşdirilməsi mümkün deyil. Problem tezliklə ədalətli həllini tapmalıdır. Əks halda Qərbin qorxduğu reallaşa bilər”.