Xarici ölkələrdə Qarabağ yürüşü hədəflərinə çatdı

Azərbaycan diasporasının iyul ayında fəaliyyəti ötən illərlə müqayisədə çox fəallaşıb və öz effektiv təsirini göstərdi

Bu fəaliyyətlər ölkəmizin maraqları çərçivəsində xüsusi əhəmiyyətə malikdir. İlk növbədə Ermənistan və onun arxasında dayanan qüvvələrə bir göstəri və haqq səsimizin susdurula bilməyəcəyi nümayişi idi


Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimizdə törətdiyi təxribat həm Azərbaycan, həm də dünya ictimaiyyəti tərəfindən növbəti hərbi təcavüz aktı kimi dəyərləndirilib. 
İşğalçı ordunun hərbi təcavüzü müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının, Azərbaycan icmalarının üzvlərinin və fəallarının dərin hiddətinə səbəb olub. Dünya azərbaycanlıları birlik göstərib erməni təxribatına qarşı birləşirlər. Müxtəlif ölkələrdə olan azərbaycanlılar bu birliyi istər aksiya şəklində, istərsə də sosial şəbəkələr üzərindən aparır, usanmadan ölkə həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində öz mübarizələrini davam etdirirlər. 

İsveçdə, ABŞ-da, Kaliforniya və Niderlandda, İsrail, Avstraliya və digər ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycan sərhədindəki erməni təxribatlarına hiddəti, etirazı, nümayişlər, bəyanat və müraciətlər, sosial şəbəkələrdə çıxışlar əlli beş milyonluq Azərbaycan harayının, gücünün ifadəsidir.

Var gücləri ilə "Hər şey vətən üçün”, "Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirən soydaşlarımız  radikal ermənilərin zorakı hücumlarına məruz qalsalar belə israrla Azərbaycanın haqq səsini dünyaya eşitdirməkdədirlər. 

Xaricdəki soydaşlarımız da Qarabağda döyüşmək istəyirlər

Qeyd edək ki,  Cənubi Azərbaycanda yaşayan soydaşlarımız Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki döyüşlərdə Ordumuza dəstək vermək üçün səfərbər olublar. Güneydə yaşayan qəhrəman soydaşlarımız Azərbaycan ordusunun əsgərləri ilə bərabər Qarabağda döyüşmək istəyirlər. 
Tovuzda baş verənlər Türkiyədə yaşayan azərbaycanlıları da ayağa qaldırıb. Ermənilərin hərəkətə keçdiyi ilk andan Türkiyə rəsmiləri və ictimaiyyəti bütün imkanları ilə Azərbaycanın yanında olduqlarını vurğulamaqdadır.

Almaniyanın Düsseldorf şəhərində yaşayan soydaşlarımız mərkəzi küçələrin birində Ermənistanın hərbi təxribatına etiraz və Azərbaycan Silahlı Qüvvələrinə dəstək məqsədilə yürüş keçiriblər. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayevin sözlərinə görə, məqsəd Qarabağ həqiqətlərini, eləcə də Ermənistan ordusunun həyata keçirdiyi təxribatları alman xalqına çatdırmaq olub. Aksiya iştirakçıları yürüşdə “Şəhidlər ölməz, vətən bölünməz!” şüarları səsləndirərək ordumuza dəstək nümayiş etdiriblər. Eyni zamanda Ermənistan hakimiyyətinin çirkin əməllərini, təcavüzkar siyasətini əks etdirən plakatlarla şəhər sakinlərinin diqqətini çəkiblər. Etiraz yürüşü Köln şəhərində də  davam etdirilib.

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin Azərbaycan icmasının üzvləri Ermənistanın bu şəhərdəki konsulluğu qarşısında etiraz aksiyası keçirib.
Aksiya zamanı soydaşımız Eldar Kərimzadə çıxış edərək iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə edərək Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan dövlət sərhədinin pozulmasına cəhd edərək ölkəmizə qarşı növbəti hərbi təcavüz aktı törətdiyini qeyd edib.

Aksiyada təxminən 50 nəfərə yaxın soydaşımız iştirak edib və onların bəziləri digər yaxın ştatlardan aksiyada iştirak etmək üçün həmin gün Çikaqo şəhərinə səfər edib. Çikaqoda yaşayan türk icması da həmyerlilərimizə qoşulub. Aksiya zamanı azərbaycanlı soydaşlarımız “Qarabağ Azərbaycanındır”, “Erməni təcavüzünə son”, “Azərbaycan torpaqlarından əl çəkin” kimi şüarlar səsləndirib və Azərbaycanın dövlət himnini ifa ediblər.
ABŞ-da Corciya ştatının inzibati mərkəzi olan Atlanta şəhərində yaşayan soydaşlarımız  da Azərbaycan torpaqlarının işğal altında saxlanmasına etiraz olaraq aksiya keçirib. Corciya dövlətinin Qanunverici orqanının üzvlərinin (senatorların) fəaliyyət göstərdiyi Konqres binasının qarşısında soydaşlarımız tərəfindən “Ermənistanın işğalçı siyasətinə son!”, “Qarabağ Azərbaycandır!”, “Ermənistan terroristdir” və sair şüarların yazıldığı plakatların, Tovuz cəbhəsində hərbi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi aksiyada Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib. Aksiyada Azərbaycan dövlətinə və ordusuna dəstək ifadə olunub, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun Ermənistanın işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılması tələbi ilə Konqres üzvlərinə çağırış edilib.

Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş  edən gənclərimiz Stokholmu yatmağa qoymadılar

Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı növbəti etiraz aksiyası Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında baş tutub.   

Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və rəsmi Yerevanın qeyri-müstəqil və vassal olduğu haqqında faktlar əks olunub. Aksiya iştirakçıları Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə müraciət edərək, Azərbaycan icma üzvləri erməni təcavüzkarların Azərbaycanın torpaqlarından çıxmasını tələb ediblər. İcma üzvləri Tovuzda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin adlarını bir-bir sadalayaraq, onları bir dəqiqəlik sükutla yad ediblər.

İşğalçı Ermənistanın dövlət sərhədində növbəti təxribatına etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə İsveçdə yaşayan azərbaycanlılar yürüş təşkil edib. İsveç-Azərbaycan Birliyinin sədri Sevda Dadaşova deyib ki, İsveç azərbaycanlıları Azərbaycan bayraqlarını dalğalandırmaqla paytaxt Stokholmdakı Ermənistan səfirliyi önünə yürüş ediblər: "İsveçdə yaşayan azərbaycanlılar Ermənistanın təcavüzkar siyasətinə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş edərək Stokholmu yatmağa qoymadılar, İsveç ictimaiyyətini baş verənlərlə bağlı məlumatlandırdılar. Yürüş iştirakçıları erməni səfirliyinin qarşısında Azərbaycan himnini oxudular. Aksiya zamanı “Qarabağ Azərbaycandır!” deyərək səsimizi bütün Stokholma duyurduq”.

Niderland Krallığında fəaliyyət göstərən "Ana Vətən” Niderland-Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva deyir ki, Tovuzda yaşanan hadisələr oradakı azərbaycanlılara ciddi təsir edib: "Biz xəbəri eşidən kimi, aksiya üçün müraciət etdik. Burda hər hansı aksiya keçiriləcəksə, 4 gün öncədən məlumat verilməlidir və hadisələrin üzərindən 5 gün keçdikdən sonra biz o aksiyanı gerçəkləşdirdik. Ermənilər də öz xislətlərindən əl çəkmədilər. Ermənilərin səfirliyimizin binası önünə gələrək onu əhatəyə almaq kimi məkrli niyyətindən xəbər tutan kimi Almaniya, Niderland və Belçikada təhsil alan tələbələrimiz ölkəmizin diplomatik nümayəndəliyinin qarşısına gələrək ermənilərin piket cəhdinə möhtəşəm etiraz aksiyası ilə cavab verdi". 

Kanadada yaşayan azərbaycanlılar, diaspor təşkilatları və diaspor fəalları bu ölkənin Toronto və Ontario şəhərlərində Azərbaycan ordusuna dəstək aksiyası keçiriblər. Azərbaycan və ingilis dillərində "Erməni aqressiyasına son", "Erməni işğalına son", "Qarabağ bizimdir, bizim olacaq", "Qarabağa ədalət", "Şəhidlər ölməz, vətən bölünməz", "Qarabağ Azərbaycanındır" şüarları altında keçirilən aksiyaya təxminən 500-ə yaxın azərbaycanlı və Azərbaycan sevdalısı qatılıb. 

2020-ci ilin əvvəlindən milli barışıq və vətəndaş həmrəyliyi istiqamətində prezidentin götürdüyü siyasi kurs özünü doğruldur

Xaricdə yaşayan azərbaycanlılar və diplomatik nümayəndəliklər tərəfindən dünyanın dörd bir yanında keçirilən etiraz aksiyalarını müsbət dəyərləndirən  Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev bu cür tədbirlərin son dərəcə əhəmiyyətli olduğunu deyib: "Azərbaycan diasporasının iyul ayında fəaliyyəti ötən illərlə müqayisədə çox fəallaşıb və öz effektiv təsirini göstərdi. Ermənistanın Tovuz rayonu istiqamətində təxribatı indiyə qədər sönük təsir bağışlayan diaspor fəaliyyətimizi canlandırdı.

Xaricdə yaşayan vətəndaşlarımız və soydaşlarımız indiyə qədər görünməmiş mütəşəkkillik nümayiş etdirdilər. Dünyanın hərbi və siyasi güc mərkəzlərində təcavüzə qarşı çoxsaylı etiraz və ölkəmizə dəstək mitinqləri keçirildi. Bu tədbirlərdə diaspora komitəmiz, səfirliklər və fəal vətəndaşlarımız vəhdət təşkil etdilər. Avropa və ABŞ-da ermənilərin daha mütəşəkkil və təşkilatlanmış olmalarına baxmayaraq diasporamız layiqincə təmsilçilik etdi. Bu fəaliyyətlər ölkəmizin maraqları çərçivəsində xüsusi əhəmiyyətə malikdir. İlk növbədə Ermənistan və onun arxasında dayanan qüvvələrə bir göstəri və haqq səsimizin susdurula bilməyəcəyi nümayişi idi. Eyni zamanda Azərbaycan prezidentinin Qarabağ danışıqlarında güc mexanizmi rolunu oynayacaq.

Ölkə rəhbəri yüksək tribunalardan Azərbaycan xalqının bu işğalla barışmadığını və torpaqlarımızın işğalı ilə razılaşmayacağını inamla səsləndirə biləcək. Digər  tərəfdən bu aksiyalar problemin həlli ilə məşğul olan təşkilatlara xüsusi bir mesajdır.

Son 5 ildə Avropa Birliyi və ABŞ tərəfindən işğal faktı ilə bağlı çoxsaylı sənədlər və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edilsə də son hadisələrdən sonra ABŞ Konqresində işğal faktını tanıyan sənədlərin müzakirəsi çox ciddi irəliləyişdir və faktdır ki, milli birliyimizin nümayişinin nəticəsidir. 2020-ci ilin əvvəlindən milli barışıq və vətəndaş həmrəyliyi istiqamətində Prezidentin götürdüyü siyasi kurs özünü doğruldur. Biz Vəhdət Partiyası olaraq bu kursu aktiv dəstəkləyir və hərtərəfli dəstəyi verir, bu istiqamətdə fəal olmağa çalışırıq.

Hətta  İspaniyada yaşayan partiya fəalımız İspaniya Azərbaycan Birliyinin sədri Vahid İmanovun təşkilatçılığı ilə Madriddə ölkəmizə dəstək mitinqi təşkil edilib".