“Qisas çağırışları hiyləgər ermənilərin tələsinə düşməkdir” 

“Son prosseslər haqlı olaraq vətəndaşlarımızda qəzəbə səbəb olub. Gənclərimiz emosiyalara qapılaraq bəzi addımlar atırlar”. 
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib. 
Deputat bildirib ki, düşünülməmiş hərəkətlər ölkəmizi çətin vəziyyətə sala bilər: 

“Bütün vətəndaşlarımız səbrli, təmkinli olmalıdır. Ermənilər hər zaman təxribata əl atıblar, tarix boyu onlar dünya mediasının gözünü boyamağa çalışıblar. Gəlin etiraf edək ki, bu sahədə bacarıqlıdırlar, saxtakarlıqla dünya dövlətlərinin diqqətini çəkmək artıq bu millətin xislətinə hopub. Təxribatın məqsədləri var, çalışırlar ki, gənclərimiz hislərinə qapılaraq müəyyən hərəkətlər etsinlər. Sosial şəbəkələrdə yayılan videolara baxanda arzuolunmaz mənzərənin şahidi oluruq.

Soydaşlarımız istəmədən də olsa düşmənlərin məqsədinə çatmasına kömək etmiş olurlar. Ermənilər bizimlə əlaqəli hər hadisəni öz xeyirlərinə təhrif edərək dünya mediasında işıqlandırırlar. Təbii ki, buna şərait yaradan düşünülməmiş addımlarımızdır. Xarici ölkələrdə yaşayan gənclərimiz məsuliyyət altına düşə, başqa bir ölkənin qanunlarını pozmaqda ittiham oluna bilərlər”. 

M.Cəfərovun sözlərinə görə, ağıllı siyasətlə informasiya müharibəsi strategiyası qurulmalıdır: 

“Xarici mətbuatda erməni vəhşilliklərinin yayımlanmasını təşkil etməliyik. Sumqayıt hadisələrini xatırlayaq. Ermənilər təxribata əl ataraq Azərbaycanı qaralamışdılar. Ermənilərin imkanlı şəxslərinin əksəriyyəti dünya mediasından yararlanaraq aparıcı ölkələrin tanınmış KİV nümayəndəlikləri ilə əməkdaşlıq edirlər. Bunu fakt kimi qiymətləndirib üzərində düşünmək lazımdır. Los Anceles, Brüssel və digər xarici ölkələrdə olan həmvətənlərimizə qarşı olan fiziki təzyiqi çalışdıqca dünya mediasında işıqlandırmalıyıq.

Güc tətbiqi bizə heç nə qazandırmayacaq, əksinə haqlı ikən haqsız vəziyyətə düşə bilərik. Hələ dünya ictimaiyyəti Sumqayıt hadisələrinin əsl təxribat olduğunu anlamayıb, Azərbaycanı təqsirləndirir. Los Anceles və Brüsseldə olan hadisələri hələ dünyanın heç bir aparıcı KİV nümunəsində geniş şəkildə olduğu kimi işıqlandırılmayıb. Lakin artıq azərbaycanlının bir şilləsini dünyanın aparıcı media orqanlarında görə bilərik. Bizim jurnalistlərimizə bu barədə böyük bir iş düşür ki, onlar bu hadisələri yaymalı, işıqlanmasını təmin etməlidirlər”.

Parlament üzvü vurğulayıb ki, sosial şəbəkələrdə xaricdə yaşayan həmyerlilərimizə qisas çağırışları edilir ki, bu heç düzgün addım deyil, hiyləgər ermənilərin tələsinə düşməkdir: 

“Bu onlar haqlıdır deməkdir. Dünya siyasətində üstünlük əldə etdiyimiz bu həlledici anda düzgün qərarlar qəbul edib, lazımi davranışlar sərgiləmək vaxtıdır. Səbrlə, təmkinlə hərəkət etməliyik. Dünya siyasi manevrlər tələb edir, güc tətbiqi istəmir. Ermənilərin illərlə dünya üçün istifadə etdikləri cəfakeş, əzabkeş maskası yırtıldı. İndi dünya ictimaiyyəti onların əsl simalarını görür. Düşmən bizi tələyə çəkir, istədikləri addımı atmağımızı gözləyirlər. Heç vaxt düşmənin bizdən gözlədiyini etməməliyik.

Soyuq beyinlə, təmkinlə düşünüb, gücümüzü və ağlımızı toplayıb qərar verməliyik. Dünya ictimaiyyətinin mövqeyini özümüzün xeyrinə istifadə etməliyik”.