"Mən hazıram, kelly coysları tapmaq lazımdır" - Müsahibə 

Tünzalə Ağayeva: "Sadəcə dövlət qurumlarına yox, iş adamlarına, prodakşnlara səslənirəm. Vətənə xidmət etmək, bu kövrək günlərdə yararlı olmaq, töhfə vermək istəyirik"

"Mənim üçün ən real addımlar məqsədyönlü, hədəfli olanlardır. Qarşıya bir neçə məqsəd qoyaq, içində film də, musiqi də kitab da olsun"


İllərdir mənfur qonşularımızla davam edən savaşımız, sadəcə, cəbhə ilə kifayətlənmir. Bu bədnamlarla hər cəbhədə vuruşur, işğal etdikləri torpaqlarımızın, oğurladıqları musiqimizin onlara aid olmadığını izah etməyə çalışırıq. Üstəlik bunu dünya auditoryasında sübut etməyə məcbur qalırıq. Qeyd etmək lazımdır ki, sərhəddə silahımız top tüfəngdirsə, bu məsələdə xarici dildir. Qlobal dillərdə mükəmməl danışmağı bacaran təmsilçilərimiz, həqiqəti xarici ölkələrdə layiqincə işıqlandıra bilər.

Məsələn, vətənpərvərlik mahnılarımızın ingiliscəyə tərcümə edilməsi və ya həmin dildə yazılması daha yaxşı olmazmı? O zaman bütün cahan bu şanlı millətin vətən sevgisini duymazmı? Məsələ ilə bağlı “Sherg.az”ın suallarını cavablandıran sevilən müğənni, Xalq artisti Tünzalə Ağayeva söyləyib ki, hər zaman beynəlxaq dildə kimliyin, tarixin, mədəniyyətin haqqında danışmaq böyük əhəmiyyət kəsb edib: 

- Bütün sənət nümayəndələri, mədəniyyətlə məşğul olan, sözünü dünyaya deməyi bacaran musiqiçilər və digər incəsənət xadimləri qlobal dildə müxtəlif əsərlər təqdim edirlər. Burda bir nüans gözdən qaçmamalıdır. O da belə layihələrin həmişə olmasıdır. Xatırladım ki, 2015-ci ildə Avropa oyunları zamanı səfir idim. Və duet ortağım qara dərili, İtaliyada yaşayan müğənni Kelly Coys idi. Həmin xanımla “Bakımın üzü gülür” mahnısını Azərbaycan və ingilis dilində oxuduq. Bir də ki, bu ifa təbliğat xarakterli idi. Çünki Azərbaycan idman tarixində ilk dəfə Avropa oyunlarına ev sahibliyi edirdi. Biz də bunun təbliğat formasını mahnı ilə göstərdik. Çox yaxşı rezonans oldu. Onu da qeyd edim ki, Avropa oyunları komitəsi layihənin təşkilini üzərinə götürmüşdü.



- Sizcə, belə işlərin sayı artsa daha yaxşı olmazmı? 

- Bəli, sənət nümayəndələri ideya irəli sürə bilər. Amma çox təəssüf təkbaşına icra etmək mümkün deyil. Bunun maliyyə və siyasi tərəfləri var. İşin iri həcmdə dünyaya çatdırılmasından bəhs edirik. Məsələn, dünyada cazz festivalı, Avroviziya mahnı müsabiqəsi var. Bir çoxlarında muğam ifaçılarından tutmuş digər müğənnilərimizə qədər iştirak edir. Yəni Beynəxlaq arenaya çıxmaq fürsəti varsa, ölkəmiz dəvət alırsa öz nümayəndəsini göndərir. 

- Bir var mahnını tərcümə etmək, bir də var xarici dildə yazmaq. Fikrinizcə hansı daha təsirli olar? 

- Əlbəttə söhbət ingiliscədən gedirsə, bu qlobal dildir. Öz quruluşu var. Bütün mahnıları ingilis dilinə tərcümə etmək çətindir. Həmin dildə əsərlər yazıla bilər. Nəinki mahnı, ingiliscə kinolar, xronikadan ibarət sənədli filmlər də çəkilsin. Desək ki, yoxdur, haqsızlıq olar. Ən böyük qonşu ölkələrimizdən biri Rusiyadır. Rus dilində Azərbaycan tarixindən, ermənilərin Qafqaza, Qarabağa yerləşdirilməsindən, canımıza yağı olmalarından bəhs edən filmlər var. Hansı ki, orda bütün tarixi arqumentlər ortaya qoyulub. Bütün bunlar təqdirəlayiqdir. Alqışlayıram! 

- Əfsuslar olsun ki, düşmən də boş dayanmır. Yalan tarixlərini təbliğ etmək üçün hər yola ət atırlar... 

- Bəli, ermənilər Hollivud və digər dünya platformalarında nələr edirlər. Ən yaxşı rejissorları tutub, maliyyəni təbliğata qoyurlar. Biz sadəcə bir vətənpərvərlik mahnısı ilə bacararıqmı? Bacarıq! Amma nə qədər auditoryaya səsimizi çatdırarıq? Sənətçinin bir mahnısı varsa böyük pradakşının üzərində sənədli, bədii filmlər, kitablar var. Onu da deyim ki, Heydər Əliyev fondu illərdir bu işi görür. Kitablar, nəşrlər buraxır, azərbaycanlıları dünyaya tanıdır. Yalnız ingiliscə yox, bütün Avropa dillərində. Hamısı təqdirəlayiqdir. 

- Bəs başqa nələr edə bilərik? 

- İstərdim ki, belə layihələr məqsədyönlü olsun. Məsələn, ideya qoyulur, film seçilir, üzərinə mahnılar yazılır. Şəxsən mən hazıram! Həm ifaçı, həm də bəstəkar kimi danışıram . Sadəcə dövlət qurumlarına yox, iş adamlarına, pradakşınlara səslənirəm. Vətənə xidmət etmək, bu kövrək günlərdə yararlı olmaq, töhfə vermək istəyirik. Hər kəs ideyasını ortaya qoysun. Biri maliyyə yardımı ilə, digəri təşkilat məsələləri və sairlə işlər görsün. Dünyada erməni lobbisi necə efektiv işləyir? Hər kəs mahnı yazmır ki, eyni filmi çəkmir ki... Hamısının bir məqsədi var, yalançı erməni siyasətini dünyaya çatdırmaq. Ona görə də hərəsi üzərinə bir iş götürüb. Biz haqlı olduğumuz üçün bunları həmişə etməliyik. Dünən də, bu gün də, sabah da... Məsələn, gedək türk, rus, ingilis sənətçiləri ilə duet edək.

Qeyd etdiyim kimi Kelly Coys İtaliyada estrada müğənnisidir. Özü məhəbbəti, səmimiyyəti ilə dedi ki, dəfələrlə Azərbaycanda qonaq olmuşam bu ölkəni, hər bir detalını, xalqını sevirəm. Bizdən hədiyyələr alıb, aparıb, İtaliyada tanınmış sənət dostlarına verib. Kelly Coysları tapmaq lazımdır. Müştərək işlər olmalıdır ki, digər ölkə nümayəndələrinin dilindən də sözümüzü deyək. Sevindiricidir ki, indi başqa millətin nümayəndələri bizə dəstəkdirlər.. Çox xoşdur. Bu mədəniyyət, musiqi layihələrində baş versə böyük zəfər olar. 

- Belə başa düşdüm ki, yalnız musiqinin dili ilə yox incəsənətin digər sahələri ilə də təbliğat aparılmasını istəyirsiniz...
 
- Mən bu məsələyə təkcə bir vətənpərvər mahnıdan yox, qlobal yanaşıram. Bizim operamızı, xalçamızı, alimlərimizi, ədiblərimizi, bəstəkarlarımızı dünyada tanıyırlar. Bunu yeni nəsil, mədəniyyət xadimləri, iş adamları davam etdirməlidir. Xüsusilə də iş adamlarını vurğulamaq istərdim. Çünki heç bir layihə maddiyyatsız reallaşa bilməz. Həmin işi Amerikaya, Britaniyaya aparmayacaqlarsa, təkcə sənətçi səsini nə qədər çıxardacaq? Məsələn, bu günlərdə millətimizin birliyini sərgiləməsi dünyaya yayıldı. Hər ölkədə Azərbaycanlılar sözünü dedi, gücümüz görsəndi.

Dünya bizə reaksiya verdi. Çünki hamı birləşdi, bir-birinin səsinə səs verdi. Sizin sualınız mənə görə daha böyük məsələ kimi, iri həcmdə qoyulmalıdır. Yəni niyə dünən oxuduğumuz mahnınını bu gün ingiliscəyə çevirək? Tərcümə edərik, dünyanın pulu xərcləyərik, klip baxış sayı toplayar. Amma sual yaranır. Hansı nəticəni əldə etdik? Mənim üçün ən real addımlar məqsədyönlü, hədəfli olanlardır. Qarşıya bir neçə məqsəd qoyaq, içində film də, musiqi də kitab da olsun. Zəhmətləri yerə vurmayaq, edilib. Amma daha çox etməliyik. Lobbimiz, diasporamız bu yöndə işləməlidir. Azərbaycandan təşəbbüs gəlməlidir.

Ziyalıları, düzgün düşünən professionalları, vətənini sevən insanları həmrəy olub təbliğat üçün bir neçə layihələr həyata keçirməlidir. . O zaman dünya hiss edəcək ki, Azərbaycan daimi özü haqqında danışır, sözünü deyir.