Müəllimlərin işə qəbuluna dair NARAZILIQ:“...Səhvlərə yol verilib”

Bu il müəllimlərin işə qəbulu qaydalarına müəyyən dəyişikliklər edildi. Lakin bu dəyişikliklər bir sıra narazılıqlara səbəb olub. Səslənən iddialara əsasən yeni qaydalara görə, işləyən müəllimlər imtahanda iştirak etməyəcək. Amma müəllimlər bu yeniliyin ədalətli olmadığını düşünür.
Narazılıqlara dair fikirlərini “Sherg.az”la bölüşən təhsil üzrə ekspert Elşən Ramizoğlu bildirib ki, işləyən müəllimlərin imtahanda iştirak etməməsi düzgün qərar deyil:

“İşləyən müəllimi hansı əsasla imtahana buraxmamaq olar? Deyirlər ki, işdən çıxsın, sonra iştirak etsin? Aydındır ki, kimsə buna risk etməz. 20 min adamdan yalnız 2 nəfəri işdən çıxar. Yəqin ki, o da məcbur olduğu üçün. Başqa yolu yoxdur. Nə qədər çalışssaq da, bu qərarda dəyişiklik edə bilmədik. İmtahan Bakıda yalnız bir məkanda deyil, müxtəlif məkanlarda və regionlarda keçiriləcək. Bu günə kimi imtahanların yay ayında olması nəzərə alınıb, daim soyuducu sistem, rahatlıq, hətta isti-soyuq su olub. İndi imtahan qızmar istidə necə olacaq? Məktəblərdə soyuducu sistem yoxdur”. 



E.Ramizoğlu qeyd edib ki, müəllimlərin işə qəbulunda qeydiyyat zamanı da səhvlərə yol verilib:

“Bu barədə mənə çox saylı mesajlar gəlib. Düzdür, dünən İnsan Resursları Mərkəzinin rəhbəri status yazaraq, həmin müəllimləri təmkinli olmağa çağırdı. Yəqin ki, bu barədə nəsə düşünüləcək. Fürsətdən istifadə edib həmin rəsmi şəxslərə səslənirərək qeydiyyatda səhvə yol vermiş müəllimlərə kömək etmələrini xahiş edirəm. Onsuz da minlərlə müəllimin imtahanda iştirak hüququnu əllərindən aldılar, heç olmasa, bu məsələyə humanist yanaşsınlar”.

Ekspertin qənaətincə, müəllimlərin işə qəbulu imtahanında sual bazası çox zəifdir:

“Demək olar ki, hər il imtahanda iştirak edirəm. Elə sual var ki, 3ildir imtahanda düşür. Yəni sual qıtlığı var. Rəsmi məlumata görə, yerdəyişmə, qarşılıqlı yerdəyişmə və ya təkrar müəllimlərin işə qəbulu müsabiqəsində (sanitar-epidemioloji vəziyyətdən asılı olaraq) iştirak etmək imkanı təqdim ediləcək. Kimi aldadırıq? Heç kimi, yalnız özümüzü.

Təhsil Nazirliyi, noyabr ayında qarışılıqlı yerdəyişmənin olacağını demişdi. Avqust ayına az qalıb, hələ də bir proqram təminatı yoxdur. Bu gediş davam etsə, hələ çox avqust görəcəyik, amma qarışılıq yerdəyişmədən xəbər olmayacaq.

İmtahanda məntiqdən sual olmayacaq. 40 ixtisas, 20 kurrikulum. Bu yaxınlarda məlumat verildi ki, 3 sual təhsil qanunundan olacaq. Lap gözəl, amma proqram haradadır? Müəllim təhsil qanununu bilməlidir. Amma düşəcək suallar üzrə bir proqram olmalıdır. Təhsil Qanunu genişdir, proqramsız müəllim necə araşdırma apara bilər?”.

E.Ramizoğlu bu günə kimi vahid kurrikulum kitabının olmadığınız da diqqətə çatdırıb:

“Bu yaxınlarda Təhsil Sisteminin İnformasiyalaşdırma İdarəsinin rəsmi səhifəsi kurs rəhbərini kurrikulum təlimçisi olaraq göstərib. Sınaqlarda həmin kursu reklam edərək, kursdakı müəllimin adını yazıb. Hamı da fikirləşdi ki, suallar həmin şəxsin kitabından düşəcək. Əlavə narazılıq meydana gəldi. Bu düzgün deyil. Birinci ali orqanın tərkibində olan bir idarə bu cür səhv etməməlidir. Bu qədər narazılıqdansa, vahid bir kurrikulum kitabı meydana gətirsinlər, hamı da bilsin suallar bu kitabdan düşəcək. Gündə yeni bir kurrikulum kitabı meydana gəlir, bilən də yazır, bilməyəndə. Müəllim bu kitabların hansını oxumalıdır?

Fikrimcə, problemdən qaçmaq yerinə, bu çatışmazlığı həll etmək daha doğru olar. Görünən odur ki, müəlimlərin bu ilki işə qəbulunda hələ çox problemlər meydana gələcək”.