İlginc açıqlama: “İndi gənclər yox, ailələr evlənirlər” - Faciələrin səbəbi...!

“Gənclərin xoşbəxt olması üçün ailənin bütün üzvləri bir-biriləri ilə yola getməlidir”

“Ailə instututları formalaşmalı və inkişaf etməlidir”



Lerik rayonunda qətl hadisəsi baş verib. Hadisə iyul ayının 20-də günorta saatlarında rayonun Çayrud kəndindəki meşəlik ərazidə qeydə alınıb. Əslən Lerikdən olan, Bakının Xətai rayon sakinləri, 1960-cı il təvəllüdlü Akif Yədulla oğlu Rzayev ailə münaqişəsi zəminində kürəkəni - 1981-ci il təvəllüdlü Əkbər Məmmədəli oğlu Nuriyevi qətlə yetirib.

O, meyiti yandıraraq meşədə dəfn edib və paytaxta qayıdıb. Hadisədən 2 gün sonra Ə.Nuriyevin itkin düşməsindən narahat olan qohumları bu barədə əlaqədar qurumlara müraciət ediblər. Şübhəli şəxs qismində saxlanılan Akif Rzayev qətli törətdiyini etiraf edib.
Bu gün axşam saatlarında hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən A.Rzayevin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Meyit basdırıldığı yerdən çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsində müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Əkbər Nuriyev 3 ildən çoxdur Akif Rzayevin qızı ilə ailə həyatı qurub. Ailədaxili münaqişələrə görə qayınatanın kürəkəni ilə birlikdə Bakıdan Lerikə yola düşməkdə məqsədi onu öldürmək olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müşahidələr göstərir ki, insanlar belə cinayətləri ailədaxili münaqişələrin həlli kimi görürlər. Bəziləri, ümumiyyətlə, sivil qaydada müzakirələr aparmağı, danışıqlar yolu ilə problemi aradan qaldırmağı unudurlar.

 Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında bildirib ki, bu, maarifləndirmənin az olmasından irəli gəlir:

“Maarifləndirmə kifayət qədər deyil. İnsanlar şəxsiyyətin yetişməsi xüsusiyyətlərini, o cümlədən hüquqları bilmirlər. Bu cür bilgisizliklər, məçhulluqlar isə aqressiya ilə nəticələnir. Təəssüf ki, çoxlarında empati hiss azalıb, yerini güvənsizliyə verib. Əksəriyyət bütün məqamlarda çıxış yolunu asıb-kəsməkdə görür. Bu isə xoşagəlməz olmaqla yanaşı, həm də cəmiyyətin ziyanınadır”. 



Psixoloqun sözlərinə görə, hadisənin müxtəlif səbəbləri ola bilər:

“İnsanlar “yox” deməyi və bu cavabı qəbul etməyi bacarmırlar. Ayrılandan sonra hərə öz yolu ilə gedə bilmir. Daha doğrusu, qarşı tərəf bunu qəbul etmir. Ona görə də cəmiyyət və ailə belə məsələlərdə əlbir olmalıdır. Bu birgəlik olmadığı müddət ərzində analoji hadisələr təkrarlanacaq. Düzdür, hər insanın içində bir qatil var, ancaq cəmiyyət və ailə birliyi qətliamların qarşısını ala, münaqişələrin sivil formada həll olunmasına kömək edə bilər. Konkret olayın səbəbini deyə bilmərəm. Nə qədər insan xarakteri varsa, o qədər də motiv ola bilər. Fəqət əminəm ki, bu problem birdən-birə yaranmayıb, tədricən formalaşıb”. 

F.Mehmanqızı, həmçinin çıxış yolunu da göstərdi:

“Ailə instututları formalaşmalı və inkişaf etməlidir. Ailə qurmağa hazırlaşan cütlük psixoloji terapiyalardan keçməlidir. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, gənclər yox, ailələr evlənirlər.

Yəni ailənin bütün üzvləri bir-biriləri ilə yola getməlidir. Ailə institunun lazımi səviyyədə olması öz-özlüyündə maariflənməyə də təkan verəcək”.