“Su təsərrüfatına milyonlarla vəsait ayrılır, amma...”

“...Xərclənmə effektiv deyil, qeyri-şəffaf xərclənmə də korrupsiyaya şərait yaradır”

“Bax, qeyd etdiyim məqam yeni yanaşmanı və yeni texnologiyalardan istifadəni şərtləndirir”


Dünən Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş  videoformatda konfrans keçirib. Dövlət başçısı su təsərrüfatında arzuolunmaz vəziyyətdən söz açaraq gələcək təhlükələrdən danışıb: “Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir.

Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”. 



 İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bu problemin obyektiv və subyektiv səbəblərindən danışıb: 

“İlk növbədə onu deyim ki, su qıtlığı bütün bəşəriyyəti narahat edir. Bu məsələ illərdir, müzakirə olunur. Əksər su resursları qonşu ölkələrdən keçərək Azərbaycana gəlir. Əlbəttə, həmin ölkələr sözügedən su resurslarından istədikləri kimi istifadə edirlər. İkinci əsas məqam isə bizim bolsulu çaylarımızın sayının çox az olmasıdır. Sadaladıqlarım azmış kimi məsuliyyətsizlikdən yaranan səbəblər də var.

Dövlət başçısının da bildirdiyi kimi, su təsərrüfatına milyonlarla vəsait ayrılır, amma xərclənmə effektiv deyil. Əlbəttə, qeyri-şəffaf xərclənmə də korrupsiyaya şərait yaradır. Həm də mövcud infrastuktur standartlara cavab vermir. Su kanalları köhnədir, dibləri betonlanmayıb. Nəticədə ildə 40-50 faiz su itkisi olur”.

N.Cəfərlinin fikrincə, suvarma sistemində yeni konsepsiya tətbiq olunmalıdır: 

“Yeni su mənbələrinə çıxış əldə etməklə yanaşı, eləcə də, mövcud mənbələrdən effektli istifadəni təmin yeni konsepsiya irəli sürülməlidir. Damcı və nöqtəli suvarma üsuluna üstünlük verilməlidir. Bu, həm effektlidir, həm də az məsrəfli. Ümumiyyətlə, elə etmək lazımdır ki, az su sərf etməklə çox məhsul yetişdirə bilək. Odur ki, aqrar təsərrüfata da diqqət ayırılmalıdır.

Bir sıra texniki bitkilər, o cümlər pambıq həddindən artıq çox su tələb edir. Beləliklə, əkinçilər əksər hallarda ancaq pambıq yetişdirə bilirlər, digər məhsullara gücləri çatmır.

Bax, qeyd etdiyim məqam yeni yanaşmanı və yeni texnologiyalardan istifadəni şərtləndirir”.