“Tovuzda mülki əhaliyə dəyən ziyan aradan qaldırılır” - Dövlət dəstəyi... !

İyulun 12-dən etibarən Ermənistan Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub.

Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Prezident İlham Əliyev mühüm Sərəncam imzalayıb.

Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Millət vəkili Vüqar İskəndərov “Sherg.az”a bildirib ki, cənab Prezidentin Tovuz hadisələrində erməni təxribatı zamanı zərər çəkmiş insanların şəxsi əmlakına, dövlət infrasturukturuna dəymiş ziyanın qarşılanmasına dair imzaladığı sərəncəm mühüm əhəmiyyət kəsb edir. 

Parlament üzvü vurğulayıb ki, bu sərəncamla Prezidentimiz  xalqının yanında olduğunu bir daha göstərdi:

“Sərəncama əsasən İqtisadiyyat Nazirliyi və Fövqaladə Hallar Nazirliyinə tapşırıldı ki, qısa vaxt ərzində dəymiş ziyan hesablanasın və Nazirlər Kabinetinə məlumat verilsin. Bildiyimə görə, bu proses yekunlaşıb və qısa zamanda dəymiş ziyanın  bərpası üçün işlər görüləcək. Təbii ki, cənab Prezidentin bütün sahələrə diqqət və qayğısı var. Ümumiyyətlə, bu günlərdə ölkənin ürəyi Tovuzda döyünürdü. Baş verən hadisələr hər bir vətəndaşımızı narahat edirdi. Amma  qürurverici hallar da yaşandı. Biz də Parlament üzvləri olaraq Tovuzda olduq, şəhidlərimizi ziyarət etdik, əsgərlərlə görüşüb söhbət etdik. Əhalidə yüksək əhval-ruhiyyə var”. 

Deputat qeyd edib ki, vətəndaşlar ordumuza, Ali Baş Komandana güvənir:

“Tovuzlular və Ağdam kəndinin əhalisi gündəlik öz qayğıları ilə məşğuldurlar. Soruşanda isə deyirlər ki, “ordumuza güvənirik, qəhrəman övladlarımız var, onlarla bir yumruq kimi torpaqlarımızı müdafiə etmək üçün canımızdan keçməyə hazırıq”. Bütün bunlar əhalimizdə yüksək vətənpərvərlik duyğularının olduğunu,  döyüş ruhunun yüksəkliyini və əzmkarlığı göstərir. Əlbəttə, cənab Prezident tapşırığı ilə Tovuzda mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün işlər qısa vaxt ərzində yekunlaşdırılacaq. Qısa zamanda bütün məsələlərin həllini tapdığını görəcəyik”.