İtən qırıcı olayında MÜƏMMA ! - “Quş dəstəsi ilə toqquşması mümkün deyil” - Nəticəsiz araşdırma... ! 

“Tədqiqatlar nəticəsiz qalıb, yəni əminlik yarada biləcək bir fikir yoxdur”

“Yara, bəlkə də, tədricən sağalır, amma heç vaxt tam qapanmayacaq. Bu gün ziyarət etdik”


Şəhid pilot, Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucalmasından bir il ötür. O, iyulun 24-də MİQ-24 təyyarəsi ilə plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirərkən rabitə əlaqələri qəfildən kəsilib və aviasiya vasitəsi radarlardan  itib. Nəticədə təyyarə Xəzər dənizinə düşüb.

Uzun araşdırmalar nəticəsində  avqustun 19-da təyyarənin qara qutusu, bir gün sonra isə şəhidin nəşi tapılıb. Həmin vaxtdan etibarən hadisənin səbəbi ilə bağlı müxtəlif iddialar irəli sürülüb.

Təyyarənin quş və ya quş dəstəsi ilə toqquşduğu bildirilsə də, bu cür peşəkar pilotun necə katapult edə bilməməsi ekspertləri çox düşündürdü. Hər halda, səbəbdən asılı olmayaraq, polkovnik-leytenant həmin gün son uçuşunu etdi. “...hazıram!” dedi və bu dəfə ən yüksək zirvəyə qalxdı...

 Beləliklə, artıq bir ildir ki, ailəsi Rəşad Atakişiyevi gülərüzlə işə yola salmır, onun qayıdışını bayram kimi qeyd etmir. Amma yenə də səbrsizliklə, həsrətlə gözləyirlər...



Polkovnik-leytenantın qayınatası, politoloq Qabil Hüseynli “Sherg.az”a açıqlamasında hələ də itki ilə barışa bilmədiyini vurğulayıb: 

“Hansısa itkinin bu qədər böyük boşluq yaradacağını təsəvvür etməzdim. Üç qardaşımı, bir bacımı itirmişəm, amma heç vaxt daxilimdə belə təlatümlər yaşanmayıb. İndi həm onun, həm də öz ailəmizdə yaranmış boşluğu doldurmağa çalışıram. İtkinin yaratdığı mənəvi-psixoloji gərginlik indiyədək keçməyib”.

Q.Hüseynlinin sözlərinə görə, araşdırmalar ciddi nəticə verməyib: 

“Yara, bəlkə də, tədricən sağalır, amma heç vaxt tam qapanmayacaq. Bu gün  İkinci Fəxri Xiyabana gedib, ziyarət etdik. Tədqiqatlar nəticəsiz qalıb, yəni əminlik yarada biləcək bir fikir yoxdur. Sadəcə deyilənlərə əsasən müxtəlif fikirlər hasil edirik. Quş dəstəsi ilə toqquşmaq isə mümkün olan məsələ deyil”.