Başqa plan işə düşüb

Dünyanın hər yerində azərbaycanlılar ağıllı və təmkinli davranmalıdırlar

"Avropa və ABŞ-da göstərdiyimiz vətəndaşlıq və vətənpərvərlik mövqelərimizi bu məkanda əleyhimizə çevirə bilərlər"


Dünyanın bir sıra ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı terrror xarakterli hücumlar azərbaycanlılarla ermənilər arasında toqquşmalara səbəb olub. Müxtəlif ölkələrdə ermənilər dinc azərbaycanlı aksiyaçılara, bəzi şəhərlərdə isə soydaşlarımız qisas almaq niyyəti ilə ermənilərə təzyiqlər göstəriblər.

Hətta bır sıra xarici ölkələrdə ermənilər sırf qan tökmək üçün azərbaycanlıları təqibə başlayıblar. ABŞ-da yaşayan ermənilərin Türkiyə və Azərbaycan vətəndaşlarını hədəfə aldığı deyilir. Ermənilərə aid instaqram səhifəsində azərbaycanlıların və türklərin yaşadığı ünvanları göstərənlərə 500 dollar mükafat təklif edilib.

Digər sosial şəbəkələrdə də ermənilər bu tipli çağırışlar edərək azərbaycanlılara və türklərə qarşı yeni təxribatlar planlaşdırırlar. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev də bu məsələnin təhlükəli olduğuna diqqət çəkib. Səfir sosial şəbəkədə bildirib ki, srağagün Almaniyadakı Ermənistan səfirliyinin xidməti avtomobili yandırılıb.

Amma buna sevinmək lazım deyil. Əksinə, bunu Azərbaycan səfirliklərinə və xarici ölkələrdə yaşayan vətəndaşlarımıza qarşı irimiqyaslı təxribatların anonsu kimi qəbul etməliyik. V.Quliyevin sözlərinə görə, sabah düşmən asanlıqla bir və ya bir neçə ermənini öldürüb bütün dünyanı üzərimizə qaldıra bilər:

“Bu fonda Los-Anceles, yaxud Brüsseldə baş verən erməni vəhşiliklərini asanlıqla unutdura bilərlər. Dostlar, ehtiyatlı olun. Təxribata uymayın. Milli davamızı Avropanın, yaxud Rusiyanın küçə və meydanlarına keçirməyin. Dünya hətta qəbul etməsə də, erməni vəhşiliyini gördü. Bu vəhşiliyin belə asanlıqla unutdurulmasına imkan verməyin”.

Getdikcə təhlükəli hal alan prosesi “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, ermənilərin “Tovuz təxribatı”ndan sonra Azərbaycanın həm daxilində, həm də xaricində müsbət mənada dəyişikliklər baş verdi. İlk növbədə işğala qarşı ümumxalq qəzəbinin şahidi olduq:

“Təhlükəli virusun yayılma qorxusunu yenən xalqımız heç bir çağırış və təşkilatçılıq olmadan  küçələrə axışdı. Dövlətə və orduya dəstək mitinqi keçirdilər. “Milli Məclis təxribatı” düşmən qüvvələrin dəstəyi ilə “5-ci kalon” tərəfindən gerçəkləşsə də, ümumilikdə dövlət və xalq mənfur niyyətlərin baş tutmasının qarşısını aldı. Hadisələrin Avropa və Rusiyaya sıçraması gözlənilən idi. Bu mitinqlərdə də tariximizdə ilk dəfə yüksək təşkilatçılıq və vətəndaş qeyrəti nümayişinin şahidi olduq. Xaricdə yaşayan bütün soydaşlarımız siyasi əqidəsindən asılı olmayaraq, diaspora ətrafında birləşə bildi. Səfirlərimiz bu işdə üzərlərinə düşəni etdi.

Brüssel və Los-Anceles şəhərlərində baş verən erməni vəhşiliyində bizim tərəfin qətiyyən günahı yoxdur. Həmin təxribat zamanı soydaşlarımız vətənpərvərlik və vətəndaşlıq mövqeyi nümayiş etdirərək dövlət və xalq qarşısında öz borclarını yerinə yetirdilər. Lakin hadisələrin milli zəmində qarşıdurma müstəvisinə keçirilməsi Ermənistanın terrorçu hakimiyyətinin birbaşa göstərişidir.

Bu, Paşinyan hökumətinin və erməni lobbisinin Dağlıq Qarabağ danışıqlarında sülh sazişinin imzalanmasından yayınmaq üçün növbəti təxribatdır. Buna bənzər təxribatlar əvvəllər də olub, bundan sonra da olacaq. Ermənilər hər dəfə bir bəhanə və təxribatla danışıqlar masasından qaçacaqlar. Son olaylar sanki 1905-1918-ci il hadisələrinin imitasiyasıdır. Milli zəmində qarşıdurma cəhdləri eyni senari ilə təkrarlanmağa çalışılır. Kütləvi psixoz halına salınmış erməni xalqının dəstəyi ilə bu təxribatı genişləndirməyə cəhd edirlər”. 

Analitikin fikrincə, hadisələrin Rusiyaya keçirilməsi də bu məqsədə xidmət edir:

“Rusiya telekanallarının tanınmış aparıcılarının bütün siyasi tok-şoularında birmənalı olaraq ermənipərəst mövqeyin şahidi oluruq. Hadisələr təxribatçıların senarisi ilə davam edərsə, ziyan çəkən tərəf biz olacağıq. Avropa və ABŞ-da göstərdiyimiz vətəndaşlıq və vətənpərvərlik mövqelərimizi bu məkanda əleyhimizə çevirə bilərlər. Bu aksiyada Rusiya birmənalı olaraq ermənilərin tərəfini tutacaq. Hadisələrin bu məcrada inkişafında Rusiyanın marağı var. Bu yaxınlarda Bolqarıstanın da Rusiya qazından imtina etmək qərarı Kreml rəhbərini daha da aqressivləşdirib. Rusiyada yaşayan soydaşlarımıza müraciət olunmalıdır.

Onlara milli qeyrətin üzərinə bir qədər də təmkin, ağıl və siyasi manevr əlavə etməyi tövsiyə etmək lazımdır. Xalqımızın qeyrətinə qətiyyən şübhəm yoxdur, lakin ağıl və siyasi taktikanı unutmaq olmaz”.