Yaxşı bir ənənə formalaşır

Partiyalar ürəklənir, hakimiyyət və mülkiyyətin idarəsində, siyasi proseslərdə iştirak etdiklərini hiss edirlər

Tahir Kərimli: "Reallıq odur ki, aparılan islahatlara daxildən və xaricdən ciddi müqavimət var. Belə məqamda siyasi təşkilatların üzərinə böyük məsuliyyət düşür"


Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli ilə görüşüb. Görüşdə Ermənistan tərəfindən dövlət sərhədində törədilmiş təxribatlar, pandemiya ilə mübarizə sahəsində görülən işlər, eləcə də korrupsiyaya qarşı davam etdirilən mübarizə, habelə qanunvericiliyin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda ölkədə siyasi sistemin inkişafı istiqamətində görülən tədbirlərin davamlılığının və partiyalararası dialoqun daha da genişləndirilməsinin önəmi vurğulanıb. Sonda siyasi partiyalarla görüşlərin davamlı keçirilməsinin zəruriliyi qeyd olunub. 

Görüşlə bağlı “Şərq”ə danışan millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, konstitusiyamızda Azərbaycan çoxpartiyalı sistem kimi təsdiq olunsa da bizdə çoxpartiyalı sistem hələ tam oturuşmayıb. Deputatın fikrincə, bu mənada hakim YAP digər partiyalarla dialoqa girir: “İqtidarın yanaşması siyasi təşkilatların inkişafı üçün böyük stimuldur.

Partiyalar ürəklənir, hakimiyyət və mülkiyyətin idarəsində, siyasi proseslərdə iştirak etdiklərini hiss edirlər. Yaxşı bir ənənə formalaşır. 43 partiya Tovuz hadisəsi ilə bağlı bəyanat verdi. Ardınca 4 partiya dövlətin yanında olduğunu açıqladı. Faktiki Azərbaycanda fəaliyyətdə olan 49 siyasi təşkilatdan 47-si dövləti dəstəklədi.

Heç də bütün partiyalar və onların rəhbərləri hakimiyyət orqanları tərəfindən sayılmır, ciddiyə alınmırdı. Bunu etiraf etməliyik. Ancaq son zamanlar partiyalara xüsusi diqqət göstərilir, geniş müzakirələr aparılır. Düzdür, bir-iki partiyanın rəhbəri açıqlama verdi ki, onlar ancaq birinci şəxslə görüşə bilərlər və s.

Anlamaq lazımdır ki, bu, hakim YAP-ın digər partiyalarla görüşü deyil. Burada hakimiyyət nümayəndəsinin siyasi təşkilatlarla dialoqundan söhbət gedir. Ədalət Vəliyev birbaşa Prezidentin nümayəndəsidir və bizimlə dövlət başçısının adından görüşür.

Ədalət Vəliyev görkəmli nəslin nümayəndəsidir və mühüm vəzifələrdə təmsil olunub. Partiyalar bəhanələr gətirməməlidir. Görüş o anlama gəlmir ki, partiyalar öz müxalif mövqelərindən imtina etməlidir, sadəcə, milli məsələlərdə ortaq yanaşma sərgiləmək önəmlidir”. 

T.Kərimli görüşdə bir sıra problemləri də gündəmə gətirdiyini deyib:

“Vəhdət Partiyasının qərargah problemini diqqətə çatdırdım və müsbət həll olunacağını dedilər. Seçki komissiyalarının formalaşması və digər problemləri qabartdım. Ümumi söhbətimiz milli məsələlərə həsr olundu. İslahatlara dəstək verilməsinin önəmindən söz açıldı. Reallıq odur ki, dövlət başçısının rəhbərliyi ilə aparılan islahatlara daxildən və xaricdən ciddi müqavimət var. Belə məqamda siyasi təşkilatların üzərinə böyük məsuliyyət düşür. Hamımız dövlətə, aparılan islahatlara dəstək olmalıyıq”.