Ermənistanı qətnaməni yerinə yetirməyə məcbur edən yoxdur

Ona görə münaqişənin BMT Baş Katibliyində müzakirəsi də boş fəaliyyətdir


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. XİN təmsilçisi bəyan edib ki, atəşkəs rejiminin pozulması halları azalsa da, gərginlik hələ qalmaqdadır. Zaxarovanın iddiasına görə, eskalasiyanın qarşısını almaq üçün Moskva həm ATƏT-in Minsk Qrupu çərçivəsində, həm də sərbəst ölkə kimi konkret addımlar atır: “Münaqişə zonasındakı vəziyyətə Minsk Qrupunun iclasında, daha sonra ATƏT-in Daimi Şurasının iclasında təşkilatın bütün üzvlərinin iştirakı ilə baxılıb. Həmsədrlər tərəflərlə daim təmasdadır. Vəziyyətlə bağlı BMT Baş Katibliyində məsləhətləşmələr keçiriləcək”. 

Rusiya rəsmisinin sözlərini “Şərq”ə dəyərləndirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Rusiyanın istər sərbəst ölkə kimi, istərsə də ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ probleminin həlli üçün addım atma ehtimalı yox səviyyəsindədir. Analitikin sözlərinə görə, münaqişənin BMT Baş Katibliyində müzakirəsi də boş fəaliyyətdir:

“BMT ciddi qurumdursa, özünün qəbul etdiyi dörd qətnaməsinin yerinə yetirilməsini gündəmə gətirər və Ermənistan tərəfini qətnamələrin icrasına məcbur edər. Qarabağ münaqişəsinin istənilən həlli Rusiyanın strateji maraqlarına uyğun gəlmir. Moskvanın vasitəçilik səyi gərginliyi minimuma endirmək məqsədi güdür.

SSRİ-nin varisi kimi Rusiyanın postsovet məkanında Qarabağ və bu kimi münaqişələri yaratmaqda məqsədi dağılan imperiyanı başqa adda bərpa etməkdir. Rusiya münaqişədə nə qədər vasitəçi kimi çıxış edirsə, problemin həlli də o qədər uzanır”. 

A.Qasımov vurğulayıb ki, bizim bu cür siyasi oyunlara, söz yarışlarına vaxtımız yoxdur:

“Torpaqlarımızın azad edilməsi üçün məqam yetişir. Münaqişədə qardaş Türkiyənin qətiyyətli mövqeyini və dəstəyini hamı gördü. Hesab edirəm ki, Türkiyə bu münaqişədə həlledici sözünü deməlidir. Azərbaycanın Türkiyədən başqa dost və qardaş tərəfdaşı, strateji müttəfiqi yoxdur. Türkiyə köklü və dərin strateji düşüncəyə sahib ölkə kimi öz dərin dövlət ağlı ilə bu münaqişəyə daxil olmaq üçün yollar fikirləşməlidir. Yeri gələndə Azərbaycanı gözləmədən münaqişəyə daxil olmalıdır. Rəsmi Bakı buna şərait yaratmalıdır”.