82 il sonra...

Aya Sofya dünyanın baş xəbəri oldu

86 il sonra dünən Aya Sofyada azan çəkildi, cümə namazı qılındı. Bununla da Aya Sofya dünyanın baş xəbəri oldu. Dünya mediası dünən bu xəbərə kökləndi, saysız-hesabsız fotolar paylaşıldı. Türk-müsəlmanlarla yanaşı dünyanın dörd bir yanından Türkiyəyə gəlib orada yaşayan müsəlmanlar da sevindi, düşmənlər zəlil oldu.

Minlərlə müsəlman eyni vaxtda səf tutub cümə namazı qıldı. Aya Sofyada cümə namazı qılındığı dəqiqələrdə Yunanıstanda kilsə zəngləri çalındı və dövlət bayraqları endirildi. “Əl-Cəzirə” belə başlıq verdi: “Cümə namazına toplaşmış yüz minlərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılıb”. Aya Sofyada 86 il sonra qılınan ilk cümə namazının hədsiz maraq doğuracağı məlum idi. Bunu nəzərə alaraq təhlükəsizlik tədbirləri də ən yüksək səviyyədə təşkil olunub.

Sultan Əhməd meydanı və ətraf ərazilərə 20 min polis cəlb edilib. Namaza gələnlər polis nəzarət buraxılış məntəqələrindən keçirilərək əraziyə buraxılıb. 

Dünya mediası “Aya Sofya üçün artıq yeni bir dövr başlayır”, “Qılınan ilk cümə namazının ardından Aya Sofya ibadətə açılır”, “Ərdoğan Aya Sofyada” başlıqlı xəbərlər yayıb. Almaniyanın “Tagesspigel” qəzeti isə belə yazıb:

“Aya Sofyada cümə namazının qılınması ilə Ərdoğan Qərbə cüt şillə atdı”. Dünyanın bir çox televiziya kanalları Aya Sofyada cümə namazının qılınmasını, Rəcəb Tayyib Ərdoğanın ora gəlişini canlı yayımlayıb. Sosial şəbəkələrdə də baş mövzu Aya Sofya olub və tvitter hesabı olanlar qısaca “Aya Sofya!” paylaşımı ediblər.

Yunan kilsəsinin baş yepiskopu Leronimos Aya Sofyanın came kimi fəaliyyətə başlamasını “Bu gün bütün xristian aləmi üçün yas günü” adlandırıb. Yunanıstanın qatı dinçi qruplarının Afina və Selanikdə etiraz aksiyalarına başlaması gözlənilir. 

Fateh Sultan Mehmet 1453-cü il mayın 29-da İstanbulu fəth etdikdən sonra iyunun 1-də ilk cümə namazını Aya Sofyada qılmışdı. O zaman məbədə mehrab və minbər qoyuldu, kilsə zəngləri və xaç isə götürüldü.

Aya Sofya 1934-də muzeyə çevrildi və 1 fevral 1935-ci ildən etibarən ziyarətə açıldı. YUNESKO-nun dünya mirası siyahısına daxildir.

2020-ci ilin iyulunda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə təkrar came oldu.