Şagirdlərin hazırlıq səviyyəsi bir-birinə qarışdı

Gərginlik abituriyentlərin imtahan nəticələrinə təsir göstərəcək


İyulun 23-də və 24-də Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın 24 şəhər və rayonunda növbəti buraxılış imtahanları keçirilib. Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahana gələn iştirakçıların bədən hərarətləri normaya uyğun olub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də Operativ Qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Üzərində  mobil telefon aşkarlanan abituriyentlər imtahandan xaric olunub.

Təhsil eksperti Kamran Əsədov isə "Şərq"ə açıqlamasında  deyib ki, koronavirusa qarşı mübarizə çərçivəsində mart və aprel ayında keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarının  bir neçə dəfə təxirə salınması səbəbindən abituriyentlərin  imtahan nəticələri o qədər də yüksək deyil:

"Pandemiya səbəbindən mart ayının 3-dən etibarən orta və ali ümumtəhsil müəssisələrində təhsil prosesinin dayandırılması təkcə orta məktəblərdə deyil, dərslərin təxirə salınması ilə nəticələnmədi. Paralel olaraq hazırlıq kursları və repetitorların fəaliyyətinin  dayandırılması imtahan verəcək şagirdlərin hazırlıq səviyyəsinə çox ciddi təsir göstərdi. Bu isə təbii olaraq buraxılış imtahanlarının nəticələrinə təsir göstərir. Aparılan monitorinqlər  göstərir ki, imtahan müddəti uzandıqca uşaqların psixologiyası gərginləşir və hazırlıq qabiliyyəti aşağı düşür. Son nəticədə isə imtahan nəticələri qənaətbəxş olmur". 

Ekspertin sözlərinə görə, abituriyentlərin imtahan nəticələrinə mənfi təsir göstərən amillərdən biri də cari ildə sınaq imtahanlarının keçirilməməsidir:

"İmtahan iştirakçılarının inzibati binaya daxil olarkən temperaturlarının ölçülməsi, ara məsafəsi ilə bağlı tələblərin qoyulması,  imtahan bitənə qədər tibbi maskadan istifadə tələbi də şagirdlərə psixoloji təsir göstərən amillər sırasındadır. İyun  ayının 10-dan bu günə qədər 150 minə yaxın şəxs DİM tərəfindən  imtahanlara cəlb edilib və cəmi 2 şagird ona təqdim edilən  bütün test tapşırıqlarına cavab verərək 300 bal, iki şagird isə 290-dan yuxarı bal toplayıb". 

İmtahanların keçirilmə ardıcıllığının pozulmasını abituriyentlər arasında ayrıseçkilik və imtahandan kənarda qalan şagirdlərin hüquqlarının pozulması kimi dəyərləndirən ekspert  deyib ki, iyun ayının 10-da Bakı şəhəri üzrə Nərimanov, Xətai və  Qaradağ rayonlarında təhsil alan şagirdlər imtahanların birinci mərhələsini verib, rahat şəkildə ikinci mərhələyə hazırlaşırlar:

"İmtahan prosesinə cəlb edilməyən digər rayonlarda təhsil alan şagirdlər isə həm birinci, həm ikinci mərhələyə hazırlaşdıqları üçün gərgin bir  mərhələdən keçirlər. Şübhəsiz ki, bu gərginlik onların imtahan nəticələrinə mənfi təsir göstərəcək.  Rus bölməsinin abituriyentləri üçün vəziyyət daha gərgindir. Təsəvvür edin ki, bu şagirdlər qısa vaxt ərzində ard-arda imtahan verməli olacaqlar.  Bu mənada ali məktəblərə qəbul imtahanlarının sentyabrın 25-nə kimi davam etməsi gözləniləndir".