Şəhid mayorumuzun bütün kredit borcu silinib

Qarabağ qazisi: "Bu alqışalayiq addımı cəmiyyətə ünvanlanan  müsbət mesaj hesab edirəm"


“Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan  mayor Novruzov Anar Gülverdi oğlunun “Kapital Bank”a olan  kredit borcu bank tərəfindən silinib.
Bu barədə jurnalistlərə açıqlama verən  “Kapital Bank”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib ki, banka borcu olan digər hərbi qulluqçuların da borcları silinib:
“Bu ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olmuş digər hərbçilərin də nağd pul, avans krediti və “BirKart”larına borclarının olduğu üzə çıxıb. Həmin borclar da “Kapital Bank” tərəfindən tam olaraq silinəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qarabağ qazisi Rizvan Vəliyev şəhid hərbiçilərimizin kredit borclarının bank tərəfindən silinməsini müsbət təşəbbüs kimi yüksək qiymətləndirib.  

"Kapital Bank"ın bu humanistliyinin digər banklar üçün  nümunə olacağına ümid edən Qarabağ qazisi hesab edir ki, biz ancaq millət-dövlət vəhdətinin fonunda qələbəyə doğru irəliləyə bilərik:

"Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan qardaşlarımızın xatirəsi xalqımız tərəfindən həmişə uca tutulub. Bank rəhbərliyi tərəfindən şəhidlərimizə qarşı göstərilən bu diqqət insanlarda vətənpərvərlik ruhunun artırılmasına bir töhfə kimi dəyərləndirilməlidir. Bu diqqət üçün "Kapital Bank"ın rəhbərliyinə və bütün kollektivinə  təşəkkür edirəm, onların bu alqışalayiq addımını cəmiyyətə ünvanlanan  müsbət mesaj hesab edirəm". 

R.Vəliyevin sözlərinə görə, indi baş verənlər yeni olduğu üçün düzgün dəyərləndirmə apara bilmirik. Amma üzərindən bir müddət keçəndən sonra xronoloji ardıcıllığı izləyəndə görəcəyik ki, illərlə arzusunda olduğumuz milli birliyə nail olmuşuq:

"Birinci Qarabağ  müharibəsi zamanı bizim ən böyük problemimiz əhali arasında milli birliyin zəif olması ilə bağlı idi. Təsəvvür edin ölkənin bir çox rayonlarında döyüş gedir, amma Bakıda müharibə ab-havası yox idi. Bu gün isə tamamilə fərqli mənzərənin şahidi olduq. General Polad Həşimovun şəhadəti zamanı biz millət-dövlət vəhdətinin ən yüksək səviyyədə şahidi olduq.

Ordumuzun o cür döyüşçünü itirməsi bizim üçün hər nə qədər üzücü olsa da, vətəndaşlarımızın reaksiyası, küçələrə axın etməsi bizi  çox qürurlandırdı. Qələbənin ən böyük görüntülərindən biri məhz generalın əsgərlə birlikdə səngərdə  döyüşməsidir. Polad Həşimov məhz bu yöndə bütün stereotipləri qırdı".