Qurtuluş vətəndaşların öz əllərindədir: Hamı bir-birindən maska taxmağı tələb etməlidir


Sərtləşdirilmiş xüsusi karantin rejiminin növbəti dəfə uzadılması insanlarda sual yaradır: "Nə vaxta kimi belə davam edəcək?", "Sentyabrda da evdən çölə məhdudiyyətlə çıxacağıq?". Əslində cavab çox sadədir. Qaranlıq məqamları aydınladacaq şam elə vətəndaşların öz əllərindədir. Odur ki, biz məşhur aforizmdə deyildiyi kimi, qaranlığı lənətləməkdənsə bir şam yandırmalıq.

 Sərtləşdirilmiş xüsusi karantin rejiminin uzadılması barədə "Sherg.az"a danışan sosioloq Əhməd Qəşəmoğlu düşünür ki, biz soyuq havalara hazırlıqlı olmalıyıq:

"Düzdür, insanlarda nisbi adaptasiya hiss olunur. Amma bu, kifayət deyil. Havaların tədricən soyuyacağını nəzərə almaq lazımdır. Deməli, virusun yayılması üçün münbit şərait yaranacaq. Biz buna hazırlıqlı olmalıyıq. Vaxtdan mümkün qədər səmərəli və məqsədyönlü istifadə etməliyik".

Ə. Qəşəmoğlu, təkliflər də verib:

"Bildiyiniz kimi, Bakı metropoliteninin fəaliyyəti dayandırılıb. Bütün yük avtobusların üzərinə düşür. Ona görə də sürücü sərnişinlərdən, sərnişinlər isə sürücüdən maska taxmağı tələb etməlidirlər. Maska taxmayanlar avtobusa buraxılmamalıdır. Məlum olduğu kimi, insanların immunitetləri də xeyli zəifləyib. Bunu bərpa etmək məqsədilə kənd yerlərindəki meyvə- tərəvəz, ağartı məhsullarının bir qismi paytaxta daşınmalıdır. Qeyd etdiyim məsələyə mane olanların əməli isə millətə, xalqa xəyanət kimi qiymətləndirilməlidir. Əks halda biz qışda təkcə koronavirusla mübarizədəki məsuliyyətsizliyimizin yox, immunitetimizin zəifliyinin də fəsadlarını görə bilərik".