Millət vəkili: "Çalışmalıyıq ki, dünyaya dinc yolla haray salaq"

“Ermənilər xarici ölkələrdə yaşayan soydaşlarımıza qarşı müxtəlif təxribatlar törədirlər”.

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. 



Deputat bildirib ki, düşmənlərimiz xaricdə yaşayan azərbaycanlılara və onların ailələrinə hücumlar təşkil edirlər: 

“Ermənilər Belçikada, Los-Ancelesdə və digər ölkələrdə qarşıdurma yaradırlar. Bizim hüquq mühafizə orqanları məsələyə qarışıb. Bəzi ölkələrin səfirləri Xarici İşlər Nazirliyinə çağrılıb. Eyni zamanda həmin ölkələrin xarici işlər nazirliklərinə də rəsmi müraciətlər olub. Ötən gün soydaşlarımız da ermənilərə cavab veriblər. Ancaq indiki halda bizə lazım olan dinc yolla bütün dünyaya erməni vəhşiliyini təqdim etməkdir. Erməni təxribatını dünyaya olduğu kimi çatdırmağımız, düşməni ifşa etməyimiz çox vacibdir. Əlbəttə, soydaşlarımızı da qınamaq olmur. Vətəndaşlarımızın sinir sistemi ermənilərin bu təxribatlarına dözmür. Ermənistanın necə vəhşiliklərə əl atdığını, təxribatlar törətdiyini görürük. Ona görə də bəzən olur ki, azərbaycanlılar ermənilərə adekvat cavab verirlər. Lakin çalışmalıyıq ki, dünyaya haray salmağımız dinc yolla olsun. Çünki bu təxribatların hər biri ermənilər tərəfindən törədilir. Ermənistanı yerində otuzdurmağın vaxtı gəlib çatıb”.

Parlament üzvü vurğulayıb ki, dünyanın hər yerində yaşayan azərbaycanlılar cənab Prezidentimizin, dövlətimizin və Azərbaycan əsgərinin yanında olduğunu nümayiş etdirdilər: 

“Soydaşlarımız etiraz aksiyaları ilə BMT-nin bu günə kimi icra edilməyən 4 qətnaməsini yerinə yetirilməsini istəyir. Dinc yolla öz səslərini dünyaya çatdırmağa çalışırlar. Amma görürük ki, Ermənistan nümayəndələri xaricdə yaşayan azərbaycanlılara qarşı ASALA terror təşkilatını işə salıblar”.