"Xaricdə yaşayan gənclərimiz heç bir halda təxribatlara getməməlidir"

"Ermənilərin törətdikləri barbar hərəkətlərin arxasında məkrli niyyətlər dayanır"

“Ermənistan hərbi-siyasi rəhbərliyinin son hərbi avantürasının ardınca dünyadakı erməni lobbisi və diasporu da həmvətənlərimizi təxribata cəlb etmək üçün dəridən-qabıqdan çıxmaqdadır”. 

Bunu Sherg.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. 

Deputat bildirib ki, ermənilərin Los-Ancelesdə və Brüsseldə törətdikləri barbar hərəkətlərin arxasında məkrli niyyətlər dayanır:
 
“Məqsəd dünya ölkələrində yaşayan azərbaycanlıların heysiyyatına toxunmaqla onları da adekvat addımlar atmağa sürükləməkdən ibarətdir. Sonra isə "fakt"ları toplayıb, azərbaycanlılara qarşı beynəlxalq səviyyədə həbslərin həyata keçirilməsinə nail olmaqdır. Bu hadisərdən "siyasi şou" yaradıb, "vəhşi türk" və "zavallı erməni" obrazının yeni təqdimatını həyata keçirməkdən ibarətdir. Artıq erməni yazılı və elektron KİV-ləri bu istiqamətdə intensiv fəaliyyətə başlayıb. Xüsusilə, Rusiya və bir sıra digər ölkələrdə azərbaycanlı gənclərin "erməni ovuna" çıxdığı ilə bağlı qərəzli informasiyaları geniş tirajlamaqdadır. Ermənilərin dezinformasiya maşını belə "təcrübə"lərdən çox çıxıb. Bizim xaricdə yaşayan gənclər heç bir halda təxribatlara getməməlidir. Mübarizə yalnız hüquqi müstəvidə aparılmalıdır. Bu istiqamətdə Xarici İşlər Nazirliyinin atdığı operativ addımların ilkin nəticələri var. Artıq Belçika və Kaliforniyada azərbaycanlılara xəsarət yetirmiş ermənilər həbs olunub, onlara qarşı cinayət işi açılıb. Ermənilərin xaricdə yaşayan gənc azərbaycanlılara qarşı anoloji istiqamətdə cinayət işlərinin açılmasına imkan verməməliyik”. 

Parlament üzvü bildirib ki, Xarici İşlər Nazirliyi, səfirliklərimiz, konsulluqlarımız, Diasporla İş uzrə Dövlə Komitəsi və diaspor təşkilatlarımız “7/24 rejimi” ndə işləməli və sıx koordinasiya olunmalıdır: 

“Prezident cənab İlham Əliyev hücüm diplomatiyasına əsaslanan xarici siyasət kursu müəyyən edib. Bu kursun fəlsəfəsinə vararaq heç bir təxribata getmədən ilk növbədə nüfuzlu xarici KİV-lərdə ermənilərin barabar və vandal davranışını ifşa etməliyik. “Ura patriotizm” yox, düşmənə qarşı beynəlxalq mövqelərimizi gücləndirən ideoloji xətt və mübarizəyə səbərbər olmalıyıq. Bu, zamanın çağırışıdır”.