Ən yüksək qata ucalan pilot ...

Rəşad Atakişiyev elə bir zirvəyə qalxıb ki, onu görmək hər insana nəsib olmur

Şəhid pilot, hərbi hava qüvvələrinin polkovnik-leytenantı Rəşad Atakişiyevin həlak olmasının üzərindən bir il keçir. O, keçən il iyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşlarına başlayır. Həmişəki kimi təmkini, qorxmazlığı və soyuqqanlılığı ilə. Polkovnik-leytenant bu cür uçuşlara çoxdan öyrəşmişdi. Öz sözləri ilə desək, təyyarə idarə etmək onun üçün maşın sürmək kimi bir şey idi.

 O gün pilot adəti üzrə “Uçuşa hazıram!” deyir və tədricən yerdən ayrılır, yüksəklərə qalxır...Rəşad Atakişiyevlə əlaqə qəfil kəsilir və aviasiya vasitəsi radarlardan itir. Nə baş verdiyi isə hamıya qaranlıq qalır. Bircə özündən başqa.
  Xeyli axtarışlardan sonra həmin təyyarənin- "MİQ 29"un qalıqları və pilotun nəşi Xəzər dənizindən tapılır. Rəsmi məlumatda təyyarənin yad cisim, yəni quş, yaxud quş dəstəsi ilə toqquşduğu göstərilməsinə rəğmən, ekspertlər müxtəlif versiyaları, o cümlədən Rusiyanın, İranın təxribatlarını da istisna etmədilər. Buna imkan verən məqam isə Rəşad Atakişiyevin peşəkarlığı idi. Dəfələrlə ən təhlükəli tapşırıqları yerinə yetirən polkovnik-leytenant necə olub ki, kotapult edə bilməyib? Bax, həmin sual çoxlarını düşündürdü və düşündürməkdə davam edir. 
 Hər halda hadisənin konkret səbəbi indiyədək məlum deyil. Amma bir məsləni dəqiq bilirik ki, ailəsi başsız, iki oğulu atasız qaldı. Əslində təkcə sevdikləri, əzizləri, yaxınları yox, Azərbaycan səması da onsuz qaldı. Və bir ildir ki, onsuzdur. 
 Rəşad Atakişiyev barədə ötən il yazdığım bir yazıda ondan bizi bağışlamasını xahiş etmişdim. Bizi ona görə bağışlamalıdır ki, xatirəsini əbədiləşdirmək əvəzinə, dedi-qodulara başladıq, hətta, ola bilsin, həmişə olduğu kimi yenə də həqiqəti gizlətməyə çalışanlar oldu. Hə, əks halda daha heç vaxt səmaya baxa bilməyəcəyimizi demişdim. Düzdür, səmaya baxa bilirik. Amma göyün həmin göy olmasından əmin deyiləm.  Axı o göylər bizə polkovnik-leytenantı çox gördü. Deməli, səma da bizim qədər günahkardır. Hərdən bir göz yaşı tökməyinə baxmayın...Gözünün içinə kimi günahkardır. 
 Bəzən əlimi qaşlarımın üstünə qoyub göyə baxıram, səmanı müşahidə edirəm. Cənab polkovnik-leytenanta aid bir işarə, nişanə axtarıram. Amma tapa bilmirəm. Nə qədər istəsəm də, bacarmıram. Və həmin anlarda başa düşürəm: pilot Rəşad Atakişiyev elə bir zirvəyə qalxıb ki, onu görmək heç də hər insana nəsib olmur. Bunun üçün Rəşad Atakişiyev tək şərəflə, ləyaqətlə yaşamaq və sərhədsiz, əsrarəngiz göylərin heç də hər insanı qəbul etmədiyini, ancaq özü qədər pak olanlara qucaq açdığını unutmamalıyıq.
 
Allah rəhmət eləsin!