"Şəhidlərimizin fotosunu cıran normal bir insan ola bilməz" - Sosioloq 


Tovuz istiqamətində baş verən hadisələr xalqımızın bir yumruq kimi birləşməsinin vacibliyini bir daha sübut etdi. Vətən uğrunda qanından və canından keçən igid oğullarımız şəhid oldular. Bu şərəfli adı almaq üçün şəhidlərimiz bir dəqiqə belə olsun tərəddüd etmədilər.

Amma onların bu qəhrəmanlığı bəzən unudulur, hətta gözardına vurulur. Təəssüf ki, içimizdə olan bir çox vətən xainləri şəhidlərimizin ruhuna, göstərdikləri şücaətə hörmət etmirlər.
Bu günlərdə yaşayış binalarından birinin liftinə şəhidlərimizin şəkli vurulub. Ümumiyyətlə Tovuzda baş verənlərdən sonra bir çox yerlərdə şəhidlərimizin fotosunu görürük. Çox təəssüf ki, bu şəkillər bəziləri tərəfindən cırılır, yararsız hala salınır. Cəmiyyətimizdə bu cür davranış sərgiləyən vətəndaşların olduğunu görmək isə ağırdır, üzücüdür. 

Baş verənləri “Sherg.az”a dəyərləndirən sosioloq Lalə Mehralı bildirib ki, şəhidlərimizin fotosunu cıran normal və ağlı başında bir insan ola bilməz. Sosioloqun sözlərinə görə, ümumiyyətlə belələrini azərbaycanlı adlandırmaq düzgün deyil:

“Düzdür, içimizdə xain və satqınlar var. Bunu inkar edə bilmərik. Amma onlar hamının gözü qarşısında belə hərəkət edə bilməzlər. Ola bilsin, gizlin ediblər, ya da uşaqlar bunu edib. Bunu uşaqların etmə ehtimalı məncə daha yüksəkdir. Ona görə də ailədə uşaqlara bu mövzunu başa salmaq lazımdır. Etik kodekslər imkan vermir ki, belə şəkillər cırılsın. Şəkli cırmağın normal hərəkət olmadığını uşaqlara başa salmaq lazımdır. Şəhidin şəkli olduğuna görə 2-3 qat daha həssaslıq göstərilməlidir. Ona görə də ailədə uşaqlara onların nə üçün bizdən ötrü müqəddəs və ölməz olduqlarını bildirmək lazımdır. O zaman daha həssas yanaşarlar. Amma böyüklərdən kimsə bu hərəkəti edibsə, sadəcə təəssüf hissi keçirirəm. Çünki onlar bu gündən sonra nə tərbiyələnəsidirlər, nə də içlərində vətən sevgisi olmalıdır. Bu günə qədər nəyə xidmət ediblərsə, bundan sonra da ona xidmət edəcəklər. Onlar üçün müqəddəs, əziz toxunulmaz nəsə yoxdur”.