"Məsuliyyət hər birimizin üzərində olduğu üçün bütün hərəkətlərimizə cavabdehik" - Psixoloq

Avqustun 5-nə qədər tətbiq olunmuş karantin rejiminin başa çatmasına az qalıb. Ancaq əhalinin maraqla gözlədiyi - karantin rejiminin yenidən davam edib-etməyəcəyi hələ sual altındadır. Əvvəlki günlərimizə dönmək üçün vətəndaşlardan asılı olan bir çox məqamlar var.

İndi hər birimizin üzərinə ayrı-ayrılıqda  böyük məsuliyyət düşür. Sosial məsafəni qorumaq, gigiyenik qaydalara əməl etmək və ən önəmlisi maska taxmaq xüsusi əhəmiyyət kəsb edir. Çox təəsssüf ki, bunu hələ də dərk etməyən, ictimai nəqliyyatda maska taxmayanlar vətəndaşlar olmamış deyil.

Sosial məsafə qaydalarına əməl etmək hər birimizin borcudur, indiki durumda isə ən birinci vəzifəsidir. 

Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında bildirib ki, karantinin bizdən əvvəl bitdiyi ölkələrə baxdığımız zaman görürük ki, həmin ölkələrdə insanlar daha tez sosiallaşıblar. Amma bu gün o ölkələrdə virusa yoluxanlar artmaqdadır:

“Deməli, karantin rejiminin bitməsi heç də xəstəliyin yox olması demək deyil. 10 gündən sonra karantin rejimi bitir. Bu zaman daha məsuliyyətli olmalıyıq ki, yenidən üçüncü dəfə sərt karantin rejimi yaşamayaq. Gigiyenik qaydalara riayət etmək, sosial məsafəni qorumaq və maskadan istifadə etmək lazımdır. Düşünürəm ki, hər kəs özünü qorusa, virus daha tez bitər.
Məsuliyyət hər birimizin üzərində olduğu üçün bütün hərəkətlərimizə cavabdehik. Daha ciddi olmaq lazımdır ki, həm iqtisadi durmumuz, həm psixologiyamız bərpa olunsun. O zaman normal həyata daha tez qayıda bilərik”.