Hərbi əməliyyatlar Ermənistan ərazisində gedir – Sərhəddən kartoqrafik görüntülər - DETALLAR

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidməti Tovuz əməliyyatları ilə bağlı kartoqrafik vəziyyət barədə araşdırmaları təhlil edib, əməliyyat zonası, relyef xüsusiyyətləri, SSRİ dövrünə aid sərhəd xətləri, hazırkı pozisiya və mövqe üstünlükləri araşdırıb.


Sülh və müharibə dilemmasında: Sərhədlərin təyin edilməsinin delimitasiya və hərbi güc versiyaları


 Qərbdən Ermənistanla 1007 km sərhəddə malik olan Azərbacan Respublikası sərhəd delimitasiya və demarkasiya proseslərində ən uğurlu nümunəsini 28 avqust 2010-cu ildə Rusiya Federasiyası ilə imzalanmış 1416 saylı müqavilə sayəsində təsdiq etmiş oldu.

Təəssüf  ki, eyni prosesi Azərbaycan ərazisinə aid Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayonu silahlı, terror və muzdlu qruplaşmalarla işğal edən Ermənistan Respublikası ilə aparmaq mümkün olmayıb.

Belə ki, SSRİ-nin dağılması fonunda Ermənistana aid hərbi qruplaşmaların Azərbaycan torpaqlarına başlanan müdaxilə və işğal faktı nəticəsində sərhədlərin delimitasiyası demək olar ki, bütünlüklə baş tutmayıb.

Nəticədə olduqca böyük arealda – bütün cəbhəboyunca "ad hoc” olaraq adlandırdığımız  "neytral zonalar” əmələ gəlib.

Neytral zonada hərbi əməliyyatların aparılması beynəlxalq hüquqla qadağan edilmiş olsa da, müharibə gedən arealın coğrafi rayon, quru və ya su hissəsini ifadə edən zonaların təyinatını müəyyən etmək üçün Azərbaycan Silahlı Qüvvələri – xüsusilə də Dövlət Sərhəd Xidmətinin (Müdafiə Nazirliyi aktiv hərbi əməliyyatlar üçün nəzərdə tutulduğundan dövlət sərhəd xəttindəki mövqelərə Dövlət Sərhəd Xidməti yerləşdirilir) qoşunları bölgədə yeni yerləşmələr və mövqe köçürmələri aparmağa başladı.

Sərhəd xətlərinə yeni baxış

Sonuncu dəfə 2016-ci ilin aprelində başlayan dördgünlük müharibə  30 ildə davam edən sırf hərbi və lokal toqquşmaların kuliminasiya nöqtəsi kimi düşmən tərəfinin böyük məğlubiyyəti ilə yekunlaşaraq, Ermənistanın yaratdığı mifi dağıtdı, ordu ilə xalq arasında uçurum yaratdı, siyasi hakimiyyətin iflasını şərtləndirdi.

Əlbəttə ki, Ermənistanın hərbi iflası və erməni cəmiyyətinin məğlublara kəsdiyi hökmün nəticələrinin aradan qaldırılması üçün yeni hakimiyyətin daha fərqli coğrafiyada təxribatlar törətmə ehtimalı gözlənilən idi. Xüsusilə də son bir ildə Qazax rayonu istiqamətində üç ölkənin sərhədinin qovuşduğu nöqtədə yerləşən neytral zonaların Azərbaycan hərbçiləri tərəfindən nəzarətə götürülməsi ilə Gürcüstan – Ermənistan yolu, Rusiya – Ermənistan qaz xətti əsgərlərimizin tətiyi altına düşməsi qarşı tərəfi öz məntiqləri ilə eyni strateji əhəmiyyətə malik zonalardan birində "revanş” almaq istəyini doğurmaya bilməzdi. "Niyə Tovuz?” yarımbaşlığı  altında yeni abzas başlamamaq üçün qısaca izah edək ki, bölgədən keçən enerji dəhlizi, yollar, Qarabağdan ayrı bir cəbhə olması və strateji mövqe düşmənin sırf bu bölgədə təxribatlara əl atması, xüsusilə də əraziyə böyük ölçüdə nəzarət imkanı verən, yüzlərlə kilomter məsafəni atəş xətti altına salmaq üçün "Qaraqaya” zirvəsinə intervensiya cəhdi digər məsələləri də aktuallaşdırdı.

Hərbi əməliyyatlar harda aparılıb?

"Civil.net” saytının əməkdaşı Tatul Hakopyan "Անավարտ Սևաքար/Ղարադաշ. մանրամասներ տարածքում և քարտեզի վրա” ("Bitməmiş Qaradaş”) adlı videosunda informasiya müharibəsinin timsalında hərbi əməliyyatların real coğrafiyasını, kartoqrafik təsvirini və sərhəd xətləri üzərində komentariyasını təqdim edir.

Videodan göründüyü kimi erməni müəllif  Tovuzla sərhəddə baş verənlərin izahını relyef üzərində göstərmək üçün rayonla sərhəd erməni bölgəsinin – Tavuş ərazisi istiqamətində aparır və son günlər Ermənistan-Azərbaycan sərhədi boyunca baş verənləri aydınlaşdırır.



Qaradaşda və ya Qaraqayada  (ermənicə "Sevakar” – müəl.) nə baş verib?

Əvvəlcə onu bildirək ki, hazırda sərhəd xətləri Sovet dövründəkinin davamı olsa da, vaxtilə bol ziq-zaqlarla dolu xətlər ya tamamilə dəyişib, ya da dərinləşib, yalnız müəyyən zonalarda hərbi əməliyyatlar nəticəsində postların qurulması xəritəni  bir qədər aydınlaşdırıb.
Beynəlxalq hüququn qəbul etdiyi sərhəd xətləri ilə Tavuş rayonunun delimitasiya edilməmiş əraziləri üst-üstə düşmür.

Belə ki, ayın 12-dən sonra erməni təxribatı nəticəsində başlayan hərbi əməliyyatlar xəritəsinin düşmən tərəfə düşən hissəsində - Çinari, Çoratan, Noraşen, Movses, Aygepar, Qarmir Axpyur (Qırmızı bulaq), Azərbaycan tərəfdən  isə Ağdam və Əlibəyli kəndlərini diqqət mərkəzinə saldı.

1991-1994-cü illərdə baş verən düşmən təxribatlarının qarşısını alan hərbi hissələrimiz məhz o dövrdə müəyyən ərazi üstünlüyünə yiyələnərək mövqelərin hazırkı yerləşməsini həyata keçirib.

Xəritədən də göründüyü kimi, hərbi əməliyyatların istiqaməti Ermənistan Respublikasının ərazisində  aydın  gözlə görünür: Tovuz rayonunun Ağdam kəndinin qərb hissəsi, Qaradaş yüksəkliyi bütövlükdə, dağın qərb ətəyi, Qaraqayadan su anbarına doğru, Çoratan kəndinə məxsus uçurum, su anbarının birbaşa yarısı ordumuzun nəzarətindədir.

Digər üstünlük ondan ibarətdir ki, Əlibəylidən Movses kəndinə doğru ərazi, Əlibəylinin qərb hissəsindən başlayan bağ sahəsinin bir hissəsi Ermənistanın içərisinə qədər irəliləyib və daxilə doğru – Qarmir -  Axpyurda bir neçə azərbaycanlı ev tikdirib, yaşayır. Üstəgəl, Azərbaycan Babəkər dağı istiqamətində də ərazi və mövqe üstünlüyü qazanıb. Eyni qaydada, erməni ərazisi sayılan Parkavar (Tatlı kəndi ilə üzbəüz) və Köhnə Qışlaq kəndinin sərhəd xətləri istiqamətində üstünlük əldə etmişik.


Xəritədən də göründüyü kimi, Paravakar-Babakər tərəfdən erməni sərhəddi Azərbaycan ərazisinə daxil olur, bu,  800 hektar ərazi artıq 30 ildir ki, becərilmirdi, çünki birbaşa Azərbaycan əgərinin nişangahının altına düşürdü. Son illərdə isə azərbaycanlı kəndlilər həmin bölgədə artıq əkin-biçin işlərinə başlayıblar.

İndi isə Perkaber/Sarteni tərəfə baxaq: Bir tərəf İcevan, digər tərəfdə isə Qazax rayonudur.

 
Burda 1994-cü ilə qədər baş verən toqquşmalarda ermənilər böyük itki verməklə yanaşı coğarfi üstünlüyü də ələ almışıq.
Berkaber su anbarının bir hissəsi, kəndin min yüz hektar ərazisi və çay ərazisi Azərbaycan ordusunun nəzarətinə keçib.

Təxmini hesablamalara görə isə 3 min ha ərazi Azərbaycan əsgərinin nəzarəti altındadır.

BU HİSSƏYƏ DİQQƏT!

Ermənilərə gəldikdə, onlar Qazaxın 7 kəndini : Sofulu, Barxudarlı, (hər iki kənd İcevan rayonununda anklavdır) Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimlini işğal ediblər.
 
Bir də iki ordunun aralığındakı neytral zonada yerləşən Qızılhacılı kəndi tamamilə ermənilər tərəfindən yandırılaraq, məhv edilib.

Düşmən bu işğallarla iki üstünlük əldə edə bilib. Bağanis Ayrım kəndindən İcevan-Noyemberyan-Tiflis yolu keçir. Yuxarı və Aşağı Əskipara kəndləri də erməni nəzarətinə düşüb ki, 2  Azərbaycan kəndi erməni kəndi olan Vosqebarla qonşudur. Həmçinin kiçik kənd olan Xeyrimli də erməni nəzarətindədir. Bu kənd sərhəddir və su anbarının qonşuluğundadır. 1990-91-ci illərdə faktiki olaraq, İcevan Noyemberyan istiqamətində yol açan ermənilər iki azərbaycan kəndindən keçməklə - Bağanis Ayrım, Aşağı Əskipara kəndlərini tutmaqla buna nail ola biliblər.


Əməliyyat kartoqrafiyası üzərində iş

İyulun 12-də başlayan əməliyyatların xəritəsi göstərir ki, Qaradaş postu (Ermənilər də bu adla müraciət edirlər, amma rəsmi sənədlərdə "Sevakar” kimi qeyd edilir)

Qaradaş dağı Ermənistan tərəfdən  Movses, Çora, Çinari kəndlərinin, Azərbaycan tərəfdən isə  Ağdam və Əlibəyli kəndləri arasına düşür.
SSRİ-nin xəritəsinə görə ərazi Sovet Ermənistanın sərhədləri daxilindədir. Yəni, müəllif aydın dillə başa salır ki, hərbi əməliyyatlar Sovet Ermənistanı və ya Ermənistan Respublikasının ərazisində davam edir, gedir. Xəritədə görə bilərsiz ki, "Sevakar”—Qaradaşın üzərində Azərbaycan tərəfinin  2-3  hərbi məntəqəsi var.



Döyüşlər nəticəsində tərəflərin postları qidalandırma-təminat formaları dəyişdi.

Əgər bu status-kvo saxlanılsa, Çinari, Movses, Çoratani kəndlərinin  mənzərələri Azərbaycan postlarının qarşısında açılır.

Hərbi əməliyyat imkanlarında üstünlüyü ələ keçirmiş Azərbaycan döyüşləri tam formada Ermənistan ərazisinə daşıya bilib və demək olar ki, Qaradaşdan sonrakı bütün sərhəd zolağı -  cəbhə içərisində yerləşən Berdə qədər ordumuzun nəzarəti altına keçib.

Sosial Tədqiqtlar Mərkəzinin Mətbuat Xidməti