Trampın sonu yaxınlaşır ! – “...Co Bayden hakimiyyətə gələcək”

“Hər halda bu namizədin şansı daha çoxdur”

“Pandemiya dövründə Trampın nüfuzu xeyli aşağı düşdü. O, verdiyi vədləri yerinə yetirə bilmədi”


ABŞ-da Donald Trampa qarşı narazılıqlar artmaqdadır. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi iyulun 26-da prezident Donald Trampı pandemiya ilə mübarizəyə yanaşmasına görə tənqid edib.

Pelosi bu barədə CBS telekanalının efirində bildirib. O, Trampın pandemiyanın ilk günlərindən vəziyyəti daha da ağırlaşdırdığını deyib. Spiker ABŞ liderinə yeni ləqəb verməyi təklif edib: “Onun üçün yeni bir ad irəli sürə bilərəm – “Vəziyyəti daha da pisləşdirən cənab”. Qeyd edək ki, Cons Hopkins Universitetinin son məlumatına görə, ABŞ-da 4,99 milyondan çox koronavirusa yoluxma qeydə alınıb, 146 mindən çox insan ölüb. Bundan başqa,  ABŞ prezidentliyinə namizədlərin yarışında Co Bayden hazırkı ölkə başçısı Donald Trampı üç əsas ştatda üstələyib. 

Bu barədə CNN-in sorğusu nəticəsində bəlli olub. Belə ki, sorğunun nəticələrinə əsasən, Arizonada Baydeni dəstəkləyənlər 49 faiz, rəqibini dəstəkləyənlər isə 45 faiz olub. Florida ştatında da C.Bayden D.Trampı üstələyib (müvafiq olaraq, 51 və 46 faiz). Miçiqanda isə rəqiblər arasında fərq daha böyükdür.

 C.Bayden burada respondentlərin 52 faizindən dəstək alıb. D.Trampı isə həmin ştatda seçicilərin cəmi 40 faizi dəstəkləyib. Xatırladaq ki, 2016-ci il seçkilərində Donald Tramp göstərilən hər üç ştatda qalib gəlmişdi. 

 Trampın siyasi taleyini “Sherg.az”a qiymətləndirən politoloq Azər Rəşidoğlu onun cəmi  bir çıxış yolunun olduğunu deyib:

“Düzdür, ABŞ siyasətini proqnozlaşdırmaq çətindir. Amma pandemiya dövründə Trampın nüfuzu xeyli aşağı düşdü. O, verdiyi vədləri yerinə yetirə bilmədi. Əlbəttə, yerli siyasətçilər dövlət başçısının səhvlərini ona bağışlamaq niyyətində deyillər.

İndi Trampın “qoruyucu kəməri” İranla hərbi əməliyyatlara başlamaq və uğurlu nəticə əldə etməkdir.

Belə olsa, o, hakimiyyətdə qala bilər. Əks halda Co Bayden hakimiyyətə gələcək. Hər halda bu namizədin şansı daha çoxdur”.