Hər dəfə təxribatı Ermənistan törədir

Ermənistan işğalçıdır və hər hərəkəti ilə sülhdən uzaq olduğunu göstərir

Həmsədr ölkələrlə yenidən müzakirələr aparılmalıdır


Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsaslı danışıqlar barədə konkret təkliflər gözləyir. Bunu "Kommersant" qəzetinə müsahibəsi zamanı Prezidentin köməkçisi, Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Hikmət Hacıyev bildirib ki, Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsi Ermənistan Silahlı Qüvvələri tərəfindən qəsdən törədilmiş təxribat və hərbi-siyasi avantüra idi:

“Biz bunu təcavüz aktı, terror aktı, o cümlədən Azərbaycana qarşı silahlı qüvvələrin qanunsuz istifadəsi və dövlət sərhədini pozmaq cəhdi kimi qiymətləndiririk”. Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Minsk Qrupunun işindən məmnun deyil: “Mən onlara açıq şəkildə dedim ki, onların mesaj çatdırmaqdan ibarət olan iş mexanizmləri qeyri-effektivdir. Onlar erməni tərəfindən hansısa məlumatlar alırlar, bu məlumatları bizə çatdırırlar və sonra tərsinə. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və qaçqınların doğma torpaqlarına qayıtması üzrə konkret plan olmalıdır. Ortada hərbi işğal faktı var. Həmsədrlər bu fakta siyasi və hüquqi qiymət verməlidirlər və biz bunun əsasında irəliləməliyik”. 

H.Hacıyevin vasitəçilərlə bağlı tənqidini “Sherg.az” analiz edən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Cənubi Qafqazda erməni dövlətinin yaranmasının əsas səbəbkarıdır. Vaxtı ilə çar Rusiyası Osmanlıya qarşı ermənilərdən istifadə edirdi. Onların məqsədi Şərqi Anadolu və Cənubi Qafqazda erməni dövləti qurmaq olub:

 “ABŞ Prezidenti Vudro Vilsonun “Ermənistan” planı, qondarma soyqırımla bağlı Vaşinqtonun canfəşanlığı və Fransanın ermənipərəst mövqeyi hər kəsə məlumdur. 3 həmsədr ölkə Qarabağ münaqişəsinin çözülməsi ilə bağlı 4 qətnamə qəbul etmiş BMT-nin Təhlükəsizlik Şurasında yer alır. Lakin vasitəçilər problemin həllində deyil, status-kvonun saxlanmasında maraqlıdır.

30 ilə yaxındır aparılan danışıqların nəticə verməməsinin səbəbi üç həmsədr dövlətin işğalçı Ermənistana yetərincə təzyiq etməməsidir. Rəsmi Bakı dəfələrlə bununla bağlı öz narazılığını ortaya qoyub. İndi isə konkret bəyan edirik ki, təcavüzkar Ermənistanla torpaqları zəbt olunmuş Azərbaycana eyni gözlə baxmaq yolverilməzdir. Ermənistan işğalçıdır və hər hərəkəti ilə sülhdən uzaq olduğunu göstərir”. 

Z.Məmmədov vurğulayıb ki, həmsədrlər israrla tərəfləri sülhə dəvət edirlər: 

“Halbuki, sülhdən qaçan, davamlı təxribatlara əl atan ölkə Ermənistandır. İrəvana dərs verilməsinə nail olmaq üçün ilk növbədə həmsədr dövlətlərə diplomatik təzyiqi artırmalıyıq. Hər üç ölkə ilə ayrı-ayrılıqda müzakirələrə başlamalıyıq. Çünki ABŞ, Fransa və Rusiyanın münaqişəyə baxış bucağının dəyişməsi çox önəmlidir. Bu dövlətlərin mövqeyi istənilən münaqişə ocaqlarının söndürülməsi üçün vacib əhəmiyyət kəsb edir”.