“Donbas düyünü” açılmır, çünki Rusiya...”

“Ukrayna Qərblə yaxınlıq edəcəyi təqdirdə Rusiya Donbas məsələsinin həllində heç bir addım atmayacaq”

“Amma indiki haldakı Ukrayna Avropa İttifaqı və NATO ilə sıx əlaqələr quraraq, bu münasibətləri inkişaf etdirir”

“Ona görə də Rusiyanın Donbas problemini həll edəcəyi gözlənilmir. Tam əksinə Donbas əngəl olaraq qalacaq”




Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub. Bu barədə məlumatı Kreml təsdiqləyib. Məlumatda prezidentlərin Ukraynadakı böhranın nizama salınmasının müxtəlif aspektlərini müzakirə etdiyi deyilir. Əsas mövzu Donbasdakı yeni atəşkəs tədbirlərinin təmas qrupu tərəfindən razılaşması olub. 

Donbas böhranında durumun dəyişəcəyinə ümid etmədiyini deyən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, bu problemi Rusiya yaradıb. Analitikin fikrincə, Rusiyanın Donbas problemini yaratmaqda məqsədi odur ki, Ukrayna Qərblə yaxınlaşmasın, hər zaman problemləri çox olsun və ərazi bütövlüyü əngəl olaraq qalsın:



“Düzdür, ara-sıra Ukrayna və Rusiya prezidentləri arasında telefon danışıqları olur. Lakin bu müzakirələr vəziyyəti dəyişmir. Ona qalsa, Putin Ukraynanın keçmiş prezidenti Poroşenko ilə də telefonla intensiv əlaqə qururdu. Amma bu, münaqişənin həllinə təsir göstərmirdi. İndi də təsir edəcəyini düşünmürəm. Çünki Ukrayna haqlı olaraq ərazi bütövlüyünü təmin olunmasını istəyir. Ona görə də Krım məsələsi gündəmdədir”.

Politoloq vurğulayıb ki,  Ukrayna Qərblə yaxınlıq edəcəyi təqdirdə Rusiya Donbas məsələsinin həllində heç bir addım atmayacaq:

“Rusiya Ukraynada hakimiyyət dəyişikliyi gözləyir. Rusiya düşünür ki, nə vaxtsa Ukraynada ruspərəst qüvvələr hakimiyyətə gəlsə, bəlkə, ondan sonra Donbas münaqişənin həllində Ukraynaya güzəştə gedə bilər. Amma indiki haldakı Ukrayna Avropa İttifaqı və NATO ilə sıx əlaqələr quraraq, bu münasibətləri inkişaf etdirir. Ona görə də Rusiyanın Donbas problemini həll edəcəyi gözlənilmir.

Tam əksinə Donbas əngəl olaraq qalacaq”.