ÇAĞIRIŞ:“Günvurma beyin qan dövranı üçün risklər yaradır” – ÖLÜM SAÇIR ! 

Yaxın üç gün ərzində Rusiyanın bəzi bölgələrində təhlükəli ultrabənövşəyi şüalanma gözlənilir. Bu barədə RF Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand xəbərdarlıq edib.

Ultrabənövşəyi şüalanma fərqli regionlarda 7-9 vahidə çatacaq. Vilfandın məlumatına görə, bu, təhlükəli göstəricidir, çünki belə indeksdə dəridə sürətlə zədələr yaranır. Sinoptik günvurma və dərinin yanmasının qarşısını almaq üçün yaxın üç gün ərzində günəş altında qalmamağı tövsiyə edib.
Son bir neçə gündür, Azərbaycanda da güclü istilər müşahidə edilir. Bu isə, şübhəsiz ki, meteohəssas insanlar üçün diskomfort yaradır. Diskomfortla qurtarsaq yaxşıdır...

 Məşhur türk şairi Nazim Hikmət “Günəşli günlər görəcəyik, cocuqlar...” deyəndə, əlbəttə, bunu- günəşin ölümcül təsirini nəzərdə tutmurdu. Bəli, düz oxudunuz, günəş şüaları ölümlə də nəticələnə bilər.



Həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında bunu deyib:

“Ekoloji vəziyyət onsuz da yaxşı deyil. Moskvada 35-36 dərəcə istilər hökm sürür. Bu, son əlli ilin rekord göstəricisidir. İndi bir də Azərbaycanı təsəvvür edin. Deməli, özümüzü qorumalıyıq.

Xüsusilə “günəş vannası”na çox aludə olmamalıyıq. Günəş şüasının altında iki saatdan artıq qalmaq ciddi fəsadlarla nəticələnə bilər. Söhbət dərinin tamlığının pozulmasından gedir.

Bu da öz  növbəsində piqmentasiya prosesinə mane olur. Beləliklə, dəri xərçəngi meydana gəlir. Həmçinin beyin qan dövranı üçün ciddi risklər meydana çıxır. Bədənin müxtəlif nahiyələrində birinci, ikinci dərəcəli, hətta aylarla davam edə biləcək yanıqların yaranması şükür ediləsi haldır.

Çünki ölüm ehtimalı da istisna edilmir. Günvurması nəticəsində ürək-damar xəstəliyi olan insanların ürəyi qəfil dayana bilər. Təkcə bu fakt məsələnin nə qədər ciddi və təhlükəli olduğunu bir daha sübut edir”.