Qardaşlıq nümunəsi: - "Türkiyə PUA-ları Bakının diqqət mərkəzində... !"

“Türkiyənin Azərbaycana texniki dəstək verməsi silahlı qüvvələrimizin gücünü artırmaqla yanaşı, həm də əlaqələrimizi inkişaf etdirəcək, birgə fəaliyyətə yol açacaq”


Azərbaycan və Türkiyə qoşunlarının birgə təlimləri keçiriləcək: “Bütün bunlar “iki dövlət, bir millət” prinsipini növbəti dəfə təsdiq edir”
Hərbi infrastrukturun yenilənməsi işlərinin daha keyfiyyətlə aparılması məqsədi ilə Türkiyədən Naxçıvan Muxtar Respublikasına xüsusi tikinti-inşaat texnikaları gətirilib. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş"ə əsasən ötən ildən başlayaraq qardaş ölkədən Naxçıvan Muxtar Respublikasına yeni texnikaların gətirilməsinə başlanılıb.

Tədbirlərin davamı olaraq yeni texnikaların növbəti hissəsi Əlahiddə Ümumqoşun Orduya təhvil verilib. Əlahiddə Ümumqoşun Orduda hərbi quruculuq, tikinti-inşaat və yol tikintisində istifadə olunması üçün qardaş Türkiyə Respublikasından yeni texnikalar gətirilərək istifadəyə verilib. Bu texnikalar müasirliyi və öz texniki xüsusiyyətləri ilə seçilir. Bu da quruculuq işlərinin tez bir zamanda və daha keyfiyyətlə görülməsinə şərait yaradacaq.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun təminatına qardaş Türkiyə Respublikasının milli istehsalı olan texnikaların verilməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olmağından xəbər verir.


 

Türkiyənin dəstəyini “Sherg.az”a təhlil edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bunu iki dövlət arasında qardaşlığın növbəti nümunəsi kimi qiymətləndirib: 

“Türkiyənin hərbi sənayəsi çox güclüdür. Bu, bizim də qardaş ölkənin imkanlarından istifadə etməyimizə şərait yaradır. Bildiyiniz kimi, cənab prezident, Ali baş komandan İlham Əliyev Azərbaycanın ən müasir texnikadan yararlanacağını deyib. Həmçinin bildirilib ki, hərbi xərclərin artırılması məqsədilə büdcəyə yenidən baxılacaq. Ümumiyyətlə, ölkəmiz üçün silah bazarı açıqdır.

Bunu silah istehsal edən dövlətlər də yaxşı bilirlər. Silah pavilyonlarında Azərbaycan nümayəndəsinin xüsusi hörmətlə qarşılanması heç də təsadüfi deyil. Çünki bizim silah almağa həm ehtiyacımız, həm də imkanımız var.

Son vaxtlar Türkiyədə istehsal edilən PUA-lar Azərbaycanın diqqət mərkəzindədir. Bizim aramızda saziş imzalanması tərəflər arasında silah ticarətinə daha yaxşı şərait yaradır. Türkiyənin Azərbaycana texniki dəstək verməsi silahlı qüvvələrimizin gücünü artırmaqla yanaşı, həm də əlaqələrimizi inkişaf etdirəcək, birgə fəaliyyətə yol açacaq”.

Ş.Ramaldanov, həmçinin iki türk dövləti arasındakı gələcək hərbi planlardan da danışıb:

 “Biz hər il birgə tədbirlər təşkil edirik. Bu il üçün də müxtəlif proqramlar nəzərdə tutulub. Avqustun 1-dən 5-dək quru qoşunlarının, iyulun 29-dan, avqustun 10-dək isə hərbi hava qüvvələrinin birgə təlimləri keçiriləcək. Bütün bunlar “iki dövlət, bir millət” prinsipini növbəti dəfə təsdiq edir və Türkiyənin bizim ən etibarlı müttəfiqimiz olduğunu göstərir. Eyni zamanda qardaş dövlətin ən müasir silahlar istehsal etmək gücündə olduğu həqiqətini ortaya çıxarır”. 

Ehtiyatda olan polkovnikin fikrincə, strateji tərəfdaşlığımız həm də gələcək təhlükəsizliyə hesablanıb:

“Türkiyənin Azərbaycana texniki yardımının Tovuz hadisələrinə heç bir aidiyyatı yoxdur. Hər halda düşmən təxribatının qarşısını alındı. Amma belə təxribatlar yenə ola bilər.
Türkiyə ilə müttəfiqliyimiz təkcə növbəti həmlələrin qarşısını almaqdan ötrü effektli deyil, eləcə də, enerji dəhlizlərinin təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malikdir”.