Mirşahin Ağayevdən Prezidentə: “Bu qiyməti daha səmərəli fəaliyyətim üçün stimul kimi qəbul edirəm”

Prezident İlham Əliyev 22 iyul- Milli Mətbuat Günü münasibətilə jurnalistləri təltif edib. 145 illik tarixə malik Milli Mətbuatımızın inkişafında müstəsna xidmətləri ilə seçilən media nümayəndələri “Əməkdar jurnalist” fəxri adına, “Tərəqqi” medalı və Prezident təqaüdünə layiq görülüblər. 
“Sherg.az”ın xəbərinə görə, bununla bağlı bir qrup jurnalist Prezidentə təşəkkür məktubu ünvanlayıb. 
Tanınmış teleaparıcı Mişahin Ağayev dövlət rəhbərinə məktubunda bildirir: 

“Möhtərəm cənab Prezident, 22 iyul 2020-ci ili yəqin ki, heç vaxt unutmayacağam. Bu gün mənim şəxsi taleyimin, jurnalist ömrümün ən təntənəli və qürurlu günüdür.Sizin məni 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni kimi çox yüksək mükafata layiq bilməyinizin, adi bir jurnalistin peşə fəaliyyətinə misilsiz qiymət verməyinizin məndən ötrü mənası bir media mənsubu kimi xüsusidir.Bu qiyməti mən daha əzmli, daha səmərəli fəaliyyətim üçün stimul kimi qəbul edirəm.Bu qiyməti Sizin mənə etimadınızın, inamınızın üzərimə qoyduğu məsuliyyət nişanı kimi anlayıram. İcazə verin, Sizi əmin edim ki, bundan sonrakı fəaliyyətim, "Real" Təhlil və İnformasiya Mərkəzində çalışan silahdaşlarımla birgə görəcəyim hər bir iş dövlətimizin media qüdrətinin artmasına, ideoloji cəbhənin önündə ləyaqətlə duruş gətirməyimizə həsr ediləcək. Məndən ötrü ən ali məqsəd, cənab Ali Baş Komandan, Sizin etimadınıza layiq olmaq, Vətənə, xalqa və dövlətə ləyaqətlə xidmət etməkdir. Azərbaycan Respublikasına xidmət edirəm”.