Erməni qucağında ərəb dünyası

Qabil Hüseynli: "Maraqlı məqam isə odur ki, İordaniya həm rəsmi şəkildə, həm də İƏT-də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib"


Daha bir ölkənin, müsəlman İordaniyanın işğalçı Ermənistana silah-sursat satdığı məlum olub. Hazırda İordaniya ilə Ermənistan arasında sıx hərbi-texniki əməkdaşlığın olduğu deyilir. 2013-cü ildən qumbaraatan istehsal edən İordaniya hərbi texnikalarını xarici bazarlara, xüsusən Ermənistana satır. Deyilənə görə, İordaniya tərəfdən Ermənistanla hərbi-texniki əməkdaşlığı Baş qərargahın rəisi, general-mayor Yusif Huneyti kurasiya edir. Erməni tərəfdən isə layihəyə qalmaqallı silah alverçisi, hazırda Rusiyada axtarışda olan David Qalstyan cəlb edilib. Yayılan xəbərlərdən sonra İordaniya Krallığının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazir müavini Araz Əzimov İordaniya səfiri ilə bu ölkənin Ermənistana silah satışı məsələsini müzakirə edib. A.Əzimov yayılan xəbərlərin geniş ictimaiyyətdə narazılıqla qarşılandığını səfirin diqqətinə çatdırıb. Səfir isə mövcud narahatlığın aradan qaldırılması üçün çalışacağını vəd edib. Ümumən, ərəb dünyasında yerli ermənilərdən ibarət diaspora şəbəkəsinin güclü olduğu bəllidir.

Livanın, Fələstinin, İordaniya və Misirin ermənilərdən ibarət terror dəstələrinin Qarabağ döyüşlərində etdikləri vəhşiliklər hər kəsə məlumdur. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan İordaniya kralının düşmən ölkə rəhbəri Armen Sarkisyanla möhkəm dost olduğu da deyilir. Son illər ərzində Azərbaycanla ərəb dünyasının münasibətləri nisbətən yaxşılaşsa da, bəzi ərəb ölkələri ilə ikitərəfli münasibətlər normal səviyyədə deyil. 

İslam dininə mənsub bir ölkənin işğalçı və xristian bir dövlətə yardım etməsini “Şərq”ə analiz edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, İordaniya Ermənistanla hərbi əməkdaşlıq edərək müsəlman qanına bais olur. Siyasi şərhçinin fikrincə, bu ölkənin hakim ailəsi müsəlmana yaraşmayan hərəkətlər edir:

“İordaniyanın Ermənistana silah satması Azərbaycanla münasibətlərinə ciddi ziyan vura bilər. Bir neçə gün öncə Tovuz hadisələri fonunda Serbiyanın Ermənistana silah satdığı ortaya çıxmışdı.

Rəsmi Belqradın bu addımı “arxadan atılan daş” effekti verdi. İndi isə məlum olur ki, müsəlman ölkə İordaniya da Ermənistana silah satır. Əmmanla İrəvanın əməkdaşlığı 2019-cu ildən başlayıb.

Ötən il Ermənistan prezidenti Əmmana rəsmi səfər etmişdi. Kral II Abdullahın 2020-ci ilin fevral ayında İrəvana səfəri Ermənistanla hərbi-texniki əməkdaşlığı xeyli sürətləndirdi. İordaniya ilə Azərbaycan arasında da çoxtərəfli münasibətlər var. İki ölkənin əlaqələri İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılır.

Maraqlı məqam isə odur ki, İordaniya həm rəsmi şəkildə, həm də İƏT-də dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, işğalçı Ermənistanı tənqid edib.

Lakin rəsmi Əmmanın üzdə Azərbaycana dəstək verib, arxadan Ermənistana silah satması bu ölkənin heç də güvənilir tərəfdaş olmadığını, ikiüzlü xarici siyasət apardığını göstərir”.