3 xanım Lukaşenkoya qarşı birləşdi

Azər Qasımov: "Belarus dövləti qadınlarla “demokratiya eksperimenti” ediləcək ölkə deyil"


Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskaya, oliqarx Viktor Babarikonun nümayəndəsi Mariya Kolesnikova və Veronika Çepkalo seçkiqabağı kampaniya çərçivəsində güclərini birləşdirdiklərini elan ediblər. Xanımlar bununla bağlı bəyanat da veriblər. Çepkalo Prezident Aleksandr Lukaşenkonun Belarusu ancaq kişilərin idarə etməsi və cəmiyyətin qadın liderə hazır olmaması kimi fikirlərinə sərt etirazını bildirib:

“Biz ikinci sort deyilik və kişilərlə eyni səviyyədə dayanırıq”. Tixanovskaya isə bildirib ki, 3 qadının birləşmə qərarı Belarus prezidentinin açıqlaması ilə bağlı deyil, sadəcə belə alınıb. Şərhçilərin fikrincə, qadın siyasətçilərin birlik nümayişi Lukaşenkonun uğursuz ifadələrinə qarşı atılmış emosional addımdır və zamanla əhəmiyyətini itirəcək. Ancaq üç xanım siyasətçinin qadın seçicilərin dəstəyi sayəsində ciddi müxalif cəbhə formalaşdıra biləcəklərini düşünənlər də az deyil. 

Belarus siyasi arenasında yaşananları “Şərq”ə şərh edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov bildirib ki, Lukaşenko bir qədər avtoritar xüsusiyyətlərə malik liderdir. Analitikin sözlərinə görə, prezidentin “ölkəni ancaq kişilər idarə etməlidir” fikri bu xüsusiyyətdən doğur:

“Lukaşenkonun düşüncəsi postsovet ölkələri üçün yerinə düşür. Qadın-kişi ayrıseçkiliyi müasir dünyada məntiqli görünməsə də, gərginliklərlə dolu regionda qadın liderlərin hakimiyyətdə uğur qazanması mümkünsüz kimi görünür. Lukaşenkonun yığıncaqlarda, regionlara səfərlərində vəzifəyə təyin etdiyi məmurları necə danladığını, yerindəcə vəzifədən azad etdiyini dəfələrlə görmüşük. Bəlkə də bu cür idarəetməyə görə, Belarus sabit və inkişaf etməkdə olan ölkə imici formalaşdırır.Üç xanımın birlikdə Lukaşenkoya qalib gəlməsi qadınların özlərini reklam etməsindən başqa bir şey deyil”.

A.Qasımov vurğulayıb ki, Belaru s bəzən əksinə görünsə də, hər zaman Rusiyanın yanında olan, imperiya maraqlarında başlıca rol oynayan bir ölkədir:

“Belarus dövləti qadınlarla “demokratiya eksperimenti” ediləcək ölkə deyil. Ölkənin başında Lukaşenko kimi söz eşidən və sözü keçən rəhbər lazımdır ki, Rusiyaya dəstək olsun. Lukaşenkonun da başqa iddiası yoxdur.

Belarus az qala müstəqillik dövrünün əhəmiyyətli hissəsini beynəlxalq aləmdən təcrid halında keçirib. Hətta koronavirus pandemiyasını oyun hesab edib, karantin tədbirləri almayan iki ölkədən biridir. Lukaşenkonun xarizmatik kimliyi Belarus xalqına xidmət etsə də, ölkəsinin adının hərfi mənasının “Bəyaz Rusiya” olması hər suala açıq-aydın cavabdır”.