15 mərtəbəli binanın 17-ci mərtəbəsi: “Artıq tamah baş yarar” - Çökə bilərmi?

“Bugünkü binalarda sovet dövrünün standartlarının gözlənilmədiyi heç kimə sirr deyil”

“Tikili olan ərazinin seymik zona olub-olmadığı da nəzərə alınmır”

“Dediyim odur ki, binalar standartlara cavab vermirsə, əlavə yük götürməyi də təhlükəlidir”


Bakının Suraxanı rayonunda qeyri-qanuni tikinti işləri aparılıb.
Bu barədə mediaya rayon sakinləri məlumat verib. Söhbət rayonun Yeni Günəşli qəsəbəsi, "V" massivi, 13M ünvanında yerləşən 15 mərtəbəli binadan gedir.
Bildirilib ki, yaşayış olan binada daha iki mərtəbənin tikintisinə başlanılıb. Sakinlərin etirazına baxmayaraq, bina sahibi bir mərtəbəni, demək olar ki, tikib. İkinci mərtəbənin isə tikintisini aparır.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov  açıqlamasında əraziyə baxış keçirildiyini və qeyri-qanuni tikintinin dayandırılması barədə təlimat verildiyini deyib:

"Məsələ ilə bağlı əraziyə baxış keçirilib. Bu barədə İcra Hakimiyyətinə məlumat verilməyib və tərəfimizdən belə bir tikintiyə razılıq da verilməyib. Aidiyyəti üzrə tikintinin dərhal dayandırılması istiqamətində təlimatlar verilib. Eyni zamanda, bu məsələ barədə digər aidiyyəti qurumlara da məlumat verilib. Hazırda binada əlavə mərtəbələrin tikintisi dayandırılıb".
 
 İnsanın yadına məşhur rus misalı düşür: “Çox istəyən azdan da olar”. Bəlkə də, özümüz daha yaxşı deyirik: “Artıq tamah baş yarar”. Qanunsuz ucaldılan iki mərtəbəyə görə, bütün bina uçsa necə olacaq? İllərlə pul yığıb o binada ev alanlara kim cavab verəcək?!

 

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bu barədə “Sherg.az”a danışıb. O, məsələnin araşdırılmağa ehtiyacı olduğunu deyib:

“Belə hala o zaman icazə verilə bilər ki, texniki şərtlər, binanın gücü, əlavə yük götürmək bacarığı buna imkan  versin. Əgər kortəbii tikilibsə, deməli, inşaat qaydaları pozulub. Yəni müvafiq qurumlar, xüsusilə Fövqəladə Hallar Nazirliyi(FHN) buna göz yumub. Ancaq əlavə iki mərtəbə sənədləşdirilə, hətta FHN buna rəy verə bilər. Ona görə binanı görmədən, konstruksiya ilə tanış olmadan dəqiq bir söz deyə bilmərəm”. 

S.Məmmədovun sözlərinə görə, indiki tikililərlə sovet dövründəki binalar arasında fərq var:

“Bugünkü binalarda sovet dövrünün standartlarının gözlənilmədiyi heç kimə sirr deyil. Tikili olan ərazinin seymik zona olub-olmadığı da nəzərə alınmır. Dediyim odur ki, binalar standartlara cavab vermirsə, əlavə yük götürməyi də təhlükəlidir”.