Almaniya Rusiyanın G7-yə qayıtmasına qarşı çıxıb – NİYƏ?

Almaniya Rusiyanın G7-yə qayıtmasına qarşı çıxıb. Almaniyanın Xarici İşlər naziri Hayko Maas bildirib ki, Rusiya G7-dən Krım məsələsinə görə çıxarılıb və problem hələ də həllini tapmayıb:
“Bu məsələ hələ də həllini tapmadığı üçün Rusiyanın dəvət olunması imkanını görmürəm”. 

Almaniyanın mövqeyini “Sherg.az”a  dəyərləndirən politoloq Rusif Məmmədsoy bildirib ki, bir sıra məsələləri gözardı etmək olmur.
Onun sözlərinə görə, hələ ötən ilə qədər Almaniya ABŞ-dan gələ biləcək mümkün sanksiyalara rəğmən Rusiyanı müdafiə etdi. Bunun əsas səbəbi də Rusiya ilə imzalanan enerji layihələri idi:

“Almaniya bununla Rusiyadan ucuz qaz alacaq. Lakin görünən odur ki, həmin qaza alternativ də var. Son günlərin ən çox müzakirə edilən məsələlərindən biri olan Tovuz istiqamətindəki boru xətləri ilə bağlı idi. Həmin boru xətləri avropaya çıxaraq daha ucuz və keyfiyyətli qazla təmin edəcəkdi. Heç kimdə şübhə doğurmur ki, həmin qarşıdurmanın səbəbkarı da məhz Rusiyadır.

Almaniya ötən ilə qədər müdafiə etdiyi Rusiyaya nəyə görə indi belə mövqe sərgiləyir ? Maraqlıdır. Yoxsa artıq Ukrayna üçünmü mübarizəyə başlayıblar ? Bu zaman sual olunur ki, bəs Krım Rusiya tərəfindən ilhaq edilərkən Avropa Birliyi, NATO nəyə görə dəstək göstərmədi ? Bütün bu proseslərin səbəbi, Ukraynanın torpaqlarını itirməsi məhz Qərbə inteqrasiya ilə bağlı idi.

Almaniya xarici işlər naziri özü də yaxşı başa düşür ki, Rusiyanın G7-yə qatılıb qatılmaması elə də vacib deyil. İstənilən halda Rusiya ilə hesablaşmaq məcburiyyətindəsən. Düşünürəm ki, bu, strateji açıqlamadır”.