Sürücü qaydanı pozmayıb ! - “Bu cərimə ləğv olunmalıdır ! 

Elxan Xıdırov adlı vətəndaş yol polisinin onu qanunsuz cərimələdiyini  iddia edir.  Vətəndaş bildirib ki, iyul ayının 22-də həkimdən gələn zaman Bakı-Sumqayıt yolunda (Sumqayıt istiqamətində) hərəkətdə olarkən 99 YP 683 dövlət nömrə nişanlı, YPX avtomobili tərəfindən saxlanılıb. “Əvvəlcə bildirdi ki, ”Ekologiya postu"nda mənə "saxla" əmri verib.
Mən də həkimdən gəldiyimi və mümkündür ki, fikirli olduğunu qeyd edərək üzrxahlıq etdim. Ardınca isə məndən icazəmin olub-olmadığını soruşdular. Bildirdim ki, SMS icazəm var, amma vaxtı bitib. Əvəzində həkimdə olduğum barədə sənədi təqdim etdim. Lakin yol polisləri buna məhəl qoymayaraq mənə cərimə tətbiq etdilər", - deyə, şikayətçi bildirib.

Vətəndaşın sözlərinə görə, müalicə aldığı xəstəxanadan ona ödəniş qəbzləri və arayış verilib:

"Amma görüntülərdə də aydın olur ki, buna heç məhəl də qoymadılar. Sadəcə, "tez ol, tez ol" deyərək cəriməni yazdılar. Bu barədə müxtəlif instansiyalara rəsmi şəkildə müraciət etmişəm. Ümid edirəm ki, haqqımda tərtib olunmuş protokol ləğv ediləcək və mənə qarşı bu yanlışlığı edən yol polisləri cəzalandırılacaq".

Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, bu halda sərnişin həkimdən aldığı arayışın sürətini, protokol ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinə təqdim edərək şikayətini bildirə bilər: “Əgər, həqiqətən də, sürücünün “1” indeksindən istifadə etməsi, həkimdən arayış alması təsdiqlənsə, qərar ləğv olunacaq. Əks təqdirdə qərar qüvvədə qalacaq”.



Vətəndaşın şikayəti haqqında “Sherg.az”a münasibətini bildirən nəqliyyat eksperti İlqar Hüseynli polisin qanunu pozduğunu deyib: 

“Həmin çəkilişlərə dəfələrlə baxmışam. Polis əməkdaşlarının qanun pozuntusuna yol verdiyi açıq-aşkar görünür. SMS icazə ilə bağlı tərtib edilən qaydalarda yazılıb ki, müayinə müddəti uzandığı təqdirdə cərimələnməmək üçün həkimin verdiyi arayışı göstərmək kifayətdir.

Vətəndaş nəinki arayışı, hətta “Zəfəran” klinikasına aid olan müayinə kağızlarını da göstərir. Polis isə bunların heç birinə məhəl qoymur. O, təkcə etik qaydaları yox, həm də Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarını pozur.

Bu səbəbdən düşünürəm ki, cərimə ləğv olunmalı, polis işçisi müvafiq qaydada məsuliyyətə cəlb edilməlidir”.