"Türkiyə vasitəçilik missiyasını üzərinə götürərsə..."

Toğrul İsmayıl: "Münaqişə tezliklə danışıqlar yolu ilə Azərbaycanın xeyrinə həll edilər"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya rəhbəri Vladimir Putin arasında telefon danışığı olub. Danışıqlar zamanı ölkə liderləri ikitərəfli münasibətləri dəyərləndirərək başda Azərbaycan-Ermənistan arasında yaranmış gərginlik, eləcə də Suriya və Liviya olmaqla regional məsələləri müzakirə ediblər. Liderlər ikitərəfli əlaqələr və regional məsələlərdə dialoqu davam etdirmək razılığına gəliblər.

Görüşlə bağlı açıqlama verən Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, təhdid haradan gəlirsə gəlsin, Ankara sonadək Azərbaycanın yanındadır: “Azərbaycanın birliyi və bərabərliyi bizim birliyimiz, bərabərliyimizdir. Prezidentimiz dünən Putinə açıq şəkildə söylədi ki, siz də Ermənistanla münasibətlərinizdən istifadə edib, gərginliyi azaldın”. Siyasi şərhçilərin qənaətincə, prezidentlər arasında baş tutan telefon görüşməsi önəmlidir.

Məlumdur ki, Rusiya Tovuz təxribatından sonra ermənilərlə birgə hərbi təlimlərə başlayıb. Bunun ardınca Azərbaycan və Türkiyənin birgə genişmiqyaslı hərbi təlimlərinin başlayacağı bildirildi və türk ordusunun hərbi birləşmələri Naxçıvana ayaq basdı.

Məhz belə məqamda liderlərin telefon danışığı və müzakirə olunan məsələlər olduqca maraq doğurur. Ümumiyyətlə, mütəmadi vurğulanır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsini həll etməyə qadir deyil, o səbəbdən beynəlxalq vasitəçilərdən birdəfəlik imtina edilməli və müzakirələr birbaşa Moskva ilə getməlidir. Bu danışıqları isə Ankara aparmalıdır. 

Məsələni “Şərq”ə dəyərləndirən Türkiyədə yaşayan professor Toğrul İsmayıl “Şərq”ə açıqlamasında deyib ki, Prezident Ərdoğanla rusiyalı həmkarı arasında telefon danışıqları tez-tez olur. Politoloqun sözlərinə görə, liderlərin telefon danışıqları sadəcə ikili münasibətlərin dəyərləndirilməsinə deyil, mövcud problemlərin həlli və böhranların dərinləşməməsinə də xidmət edir:

“Prezidentlərin sonuncu müzakirəsi bu yöndə şərh edilməlidir. İki ölkə arasında Suriya, Liviya, Aralıq dənizi və s. mövzularla bağlı problemlər mövcuddur. İlk növbədə bu məsələlər müzakirə olunub. Şübhəsiz, liderlər Ermənistanın Azərbaycan sərhədinə hücumu və ardınca yaşanan proseslərlə bağlı ətraflı danışıblar. Ankara hökuməti dəfələrlə Moskvanın diqqətinə çatdırıb ki, bölgədə stabilliyin təminatı və təhlükəsizliyin qorunması Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.

Uzun illərdir mütəxəssis kimi deyirəm ki, hər an hərbi əməliyyatlar başlaya və genişmiqyaslı müharibə fazasına keçə bilər. Liderlərin münaqişə tərəfləri arasındakı gərginliyi müzakirə etməsini istisna etmirəm. Xatırladım ki, Rusiya Ermənistanla birlikdə hərbi təlimlərə başlayıb. Moskva bununla mesaj verir ki, Rusiya hələ bölgədədir və söz sahibidir. Prezident Ərdoğan isə rusiyalı həmkarına Azərbaycanla birgə genişmiqyaslı hərbi təlimlər keçiriləcəyi haqda məlumat verib. Hesab edirəm ki, qardaş ölkənin silahlı qüvvələri ilə hərbi təlim qərarı yerində verilib”. 

Professorun fikrincə, ATƏT-in Minsk Qrupunun həmsədrləri istəsələr belə münaqişənin həllində irəliləyişə nail ola bilmirlər. Çünki işğalçı Ermənistan daim danışıqlardan qaçır və təxribatçı əməlləri ilə müzakirələrin başlanmasına imkan vermir:

“Ancaq həmsədrlərdən, beynəlxalq vasitəçilərdən birdəfəlik imtina edilməsi və danışıqların birbaşa Rusiya ilə aparılması fikrinə müsbət baxmıram. Əksinə, münaqişənin həlli BMT çərçivəsinə daşınmalı və Minsk Qrupunun daha geniş tərkibli müzakirələrinə nail olmaq lazımdır. Həmsədrlər arasında ABŞ və Fransa kimi güclü qərb dövlətləri də var.

Rusiya təkbaşına problemin həllinə yaxın durmayacaq. Rəsmi Bakı israrla Türkiyənin həmsədr dövlətlərdən biri olmasını gündəmə gətirməli və bunu tələb etməlidir. Əgər Türkiyə vasitəçilik missiyasını üzərinə götürərsə, münaqişə tezliklə danışıqlar yolu ilə Azərbaycanın xeyrinə həll edilər.

Əlbəttə, imkan versələr, ən məntiqlisi konflikti münaqişə tərəflərinin özlərinin həll etməsi olar ki, indiki halda bu, mümkün deyil. Lakin bir reallığı qəbul etməliyik ki, Dağlıq Qarabağ münaqişəsi artıq beynəlxalq müstəviyə çıxıb. Dünya ictimaiyyətinin və siyasi dairələrin diqqəti bu məsələnin üzərindədir.

Ona görə də problemin çözülməsinin miqyası daraldılmaq əvəzinə bir qədər də genişləndirilməlidir”.