Vətənə xoş gəldin, Türk ordusu!

Qənirə Paşayeva: "Bu, sadəcə işğalçı erməni zehniyyətinə verilən mesaj deyil"

Əhəd Məmmədli: "Gec-tez Türkiyə ilə Rusiya üz-üzə gələcək və bu ölüm-dirim savaşında Türküstan, Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrikanın taleyi birdəfəlik həll ediləcək"


Azərbaycanla Türkiyə arasında hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı hərbi təlimlər keçiriləcək. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb ediləcək. Təlimlərə hazırlıq çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyət və hərbi texnikaları Naxçıvana gəlib.

Qardaş ölkənin hərbi qulluqçularının təntənəli qarşılanma mərasimi keçirilib. “Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib, bayraq dəyişmə mərasimi keçirilib. Mərasimdə çıxış edənlər günü-gündən inkişaf edən Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərindən və hərbi-texniki əməkdaşlıqdan danışıblar. İctimaiyyət nümayəndələrinin fikrincə, Türkiyə-Azərbaycan ordularının növbəti hərbi təlimləri qardaş ölkənin hər zaman Azərbaycanın yanında durmasının açıq mesajıdır.

Ermənistan və havadarlarının hərbi təlimlər başlamamış ciddi narahatlıq keçirdikləri düşmən mediasında yayılan informasiyalardan aydın görünməkdədir. Ancaq Rusiyanın öz müttəfiqi Ermənistanla birgə hərbi təlimləri fonunda, Azərbaycan və Türkiyənin birgə təlimləri tamamilə anlaşılandır və iki ölkənin təbii haqqıdır. 

Millət vəkili Qənirə Paşayeva vurğulayıb ki, qəhrəman türk ordusunu Naxçıvanda əsgərlərimizlə birlikdə görmək insana duyğulu anlar yaşadır. Deputatın sözlərinə görə, bu mənzərə düşmənə ciddi mesajdır:

“Bu, sadəcə işğalçı erməni zehniyyətinə verilən mesaj deyil. Eyni zamanda işğalçının arxasındakı açıq və gizli dəstəkçilərə, havadarlara da çox ciddi mesajdır. Ən yüksək səviyyədə atılan addımlarla daha da güclənən Azərbaycan-Türkiyə birliyi türk dünyasının güclənməsində də böyük rol oynayır. Qardaş Türkiyəmizin Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğanın, digər rəsmilərin Tovuz istiqamətində baş verən erməni təxribatları zamanı bütün dünyaya “Azərbaycan tək deyil, onun yanındayıq” mesajlarını indiki və gələcək nəsillər şükranla anacaq. Cənab Prezidentimizin hər zaman söylədiyi Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü Azərbaycanın gücüdür. Bir-birimizi daha da gücləndirmək, birliyimizi daha da möhkəmləndirmək bizim siyasətimizdə əsas yer tutur. Öz Vətəninə xoş gəldin, türk ordusu!”. 

“Sivilizasiyalar və Konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli də bildirib ki, tarixdə ilk dəfə Türkiyə ilə Azərbaycan bu səviyyədə irimiqyaslı hərbi təlimlərə başlayır:

“Genişmiqyaslı hərbi təlimlər Azərbaycanın bir neçə regionunda olacaq. Bu, həm də Türkiyə hərbi bazasının Azərbaycanda yerləşdirilməsinin başlanğıcıdır. Türkiyə ilə Rusiya dünyanın bir neçə bölgəsində üz-üzədir. Son Azərbaycan-Ermənistan qarşıdurmasını Türkiyə Cənubi Qafqazda öz maraqlarına hücum kimi qiymətləndirdi və bunun arxasında başqa güclərin olduğunu dedi.

Rusiya regionda Türkiyənin tarixi rəqibidir. O cümlədən Fransa və Birləşmiş Ərəb Əmirliyi Türkiyənin ərəb coğrafiyasında məqsədyönlü addımlarını dayandırmaq üçün erməniləri provakasiyaya çəkə bilər.

Bu versiya Türkiyə mediasında səsləndirilir. Moskvanın İrəvana gözlədiyi dəstəyi verməməsi bu versiyanı gücləndirir. Düzdür, Kremlin özünü bu cür aparması oyun da ola bilər. Bununla ruslar rəsmi Bakının səbrini yoxlamış olurlar. Bakının hələlik səbrli və təmkinli olması Moskvanın oyununa getmək istəməməsindən irəli gəlir.

Hər halda proseslərin gedişatı göstərir ki, gec-tez Türkiyə ilə Rusiya üz-üzə gələcək və bu ölüm-dirim savaşında Türküstan, Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrikanın taleyi birdəfəlik həll ediləcək”.