İbadətlər karantin qaydalarına uyğun olmalıdır

Bayram namazını həm fərdi, həm də camaatla qılmaq mümkündür

Qurban bayramına sayılı günlər qalır. Hazırkı pandemiyanın Qurban bayramına təsirsiz ötüşməyəcəyi aydındır. Bayramın keçirilməsi, eləcə də qurbanlıq heyvan kəsimi zamanı karantin qaydalarına əməl edilməsinin vacibliyi Operativ Qərargah tərəfindən vurğulanır. Məlumdur ki, Ramazan və Qurban bayramlarında müsəlmanlar bayram namazına toplaşır.


Lakin məlum pandemiya səbəbindən ibadət yerləri qapalıdır, həmçinin kütləvi toplaşmalar qadağandır. Bəs, bayram namazı hansı şərtlər daxilində qılına bilər? Məsciddə qılınmayan namazın fəziləti varmı? Qeyd edək ki, qardaş Türkiyə bu məsələdə bəzi çözüm yolları təklif edir.  Türkiyə ilahiyyatçıları camaat namazına gələn hər kəsin öz səccadəsini gətirməsini tövsiyə edir, bununla da virusa yoluxma riskinin minimuma enəcəyini ehtimal edir, bayram namazının sosial məsafənin qorunması və şəxsi gigiyena qaydalarına əməl edilməklə qılına biləcəyini iddia edirlər. Amma Türkiyə hökuməti, Dəyanət İşləri Başkanlığı pandemiya səbəbindən bayram namazının camaatla qılınmasını məsləhət görmür.
        
Azərbaycan İlahiyyat İnstitutu yaxınlaşmaqda olan Qurban bayramı ilə bağlı ölkə müsəlmanlarına bir sıra məsləhətlər verdi. İnstitutun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov “Şərq”ə açıqlamasında pandemiya şəraitində ibadətlərin karantin qaydalarına uyğunlaşdırılmasının vacib olduğunu dedi:  

- COVİD-19 pandemiyası ilə zəruri mübarizə tədbirləri çərçivəsində dünyanın bir çox ölkəsində ibadət evləri müvəqqəti olaraq fəaliyyət göstərmir və bu səbəbdən ibadətlər kollektiv şəkildə məscidlərdə icra edilmir. Bayram namazı, xüsusilə də camaatla qılınan bir namaz olduğu üçün belə bir şəraitdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq necə yerinə yetiriləcəyi maraq doğuran məsələdir.

İslam alimləri  insanların həyati təhlükəsinin mövcud olduğu belə zamanda kollektiv ibadətlərin icra edilməməsinin dini baxımdan doğru bir addım olduğunu bəyan ediblər. Konkret bayram namazının fərdi olaraq qılına bilməsi haqqında isə müxtəlif islam məktəblərinə mənsub alimlər fərqli fətvalar veriblər. İslam üləmalarının əksəriyyətinə görə, bu namazı həm camaatla, həm də fərdi şəkildə qılmaq mümkündür.

Cəfəri və Şafei kimi böyük islam məktəblərinin rəyi belədir. Hənəfi məktəbinə mənsub alimlərə görə isə, bu ibadət cümə namazının şərtlərini daşıdığı üçün fərdi olaraq qılınmır və toplu halda qılına bilmədiyi təqdirdə onun əvəzində “Duha” namazı qılmaq müstəhəbdir (Duha namazı bayram namazının qılınması mümkün olmayan vaxtlarda qılınır. Vaxtı günəş doğduqdan 45 dəqiqə sonra, zöhr namazının vaxtına 45 dəqiqə qalmışdır. Ətraflı fiqh kitablarında bildirilir – red.). Beləliklə hər iki halda Bayram namazı ehya edilmiş sayılır.

Qeyd edək ki, bayram günlərində ictimai baxımdan məsuliyyətlərimizi tam yerinə yetirmək də bizim vəzifələrimizdəndir. Belə ki, qurban ibadətini icra edərkən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin qaydalarına tam riayət etmək istər dini, istərsə də insani baxımdan hər birimizin vəzifəmizdir.

İnsanlarla yardımlaşmağa daha çox ehtiyacın olduğu bu dövrdə qurban ətlərinin paylanmasında ehtiyac sahiblərini unutmamaq, təmizlik və gigiyena qaydalarına əməl etmək, bayram ab-havasını qoruma baxımından önəmlidir.