Küçələr, dəniz kənarı, ağacların üstü doludur

Qoruyucu maska və əlcəklərin hara gəldi atılması virusun yayılmasına səbəb olur

Koronavirus pandemiyası dövründə istifadə olunan qoruyucu fərdi vasitələr ətraf mühitin çirklənməsi səviyyəsinə mənfi təsir göstərir.
BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatında maska, əlcək, dezinfeksiya vasitələrinin qablarının küçələri, çimərlikləri və dünya okeanını zibillədiyinə dair məlumatlar yer alıb. Hesabatda  vurğulanıb ki, plastik çirklənmə pandemiyaya qədər Yer kürəsi üçün ən böyük təhdid idi. Bu cür qoruyucu vasitələrin istifadəsi isə vəziyyəti daha da gərginləşdirir.

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli isə "Şərq"ə açıqlamasında  koronavirus pandemiyası dövründə istifadə olunan tibbi qoruyucu vasitələrin birdəfəlik və çoxdəfəlik olduğunu deib. Onun sözlərinə görə, çoxdəfəlik materiallar tibb müəsisələrində xüsusi vasitələrlə, tibbi məhlullarla dezinfeskiya edilir, tam təmizlənir. Birdəfəlik istifadə materialları: baxillər, qoruyucu tibbi maskalar, əlcəklərin isə utilizasiyası, məhvedilməsi üçün xəstəxanalarda xüsusi tullantı yerlər var:

"O materiallar xüsusi maşınlarla aparılır. Gündə milyonlarla insan tibbi maskadan və əlcəkdən istifadə edir. Lakin istifadə olunmuş vasitələr xüsusi qaydada toplanmır və məhv edilmir. Bu əlcək və maskalara virusun yapışması və qalması realdır. Hazırda küçə və məhəllələrdə hər yerdə atılmış tibbi qoruyucu maska və rezin əlcəklərə rast gəlirik".

 İstifadə olunan bu vasitələrin  hara gəldi atılmasının etik olmadığını vurğulayan Birlik sədri koronavirus infeksiyasının hava-damcı yolu yayıldığını xatırladıb:

"Biz isə istifadə etdiyimiz maskaları hara gəldi atırıq. Ağacların budaqları, kollar doludur istifadə olunmuş maskalarla. Mənim fikrimcə, istifadə olunmuş tullantıları xüsusi qablara yığmaq və daşımaq o qədər də praktiki deyil. Yaxşı olar ki, hər kəs istifadə etdiyi tibbi maskanı, baxili, əlcəyi 95 faizli spirt məhlulu ilə, ya da xlorla dezinfeksiya edib sonra zibil qutusuna atsın”.