Vəziyyət dəyişib ! - “Qeyri-leqal məşğulluğun qarşısı alınıb”

Hər ölkədə az və ya çox səviyyədə kölgə iqtisadiyyatı mövcuddur. Bir neçə il əvvələ kimi ölkəmizdə gizli iqtisadiyyat və ya kölgə iqtisadiyyatının həcmi kifayət qədər geniş idi. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, ikili mühasibatın aparılması kimi xarakterik yayınmalar var.

İşçilərlə əmək müqavilələrinin bağlanmaması və ya qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi sadəcə adi bir "biznes təcrübəsinə" çevrilib.  

Hazırda isə aparılan mübarizə tədbirlərinin nəticəsində vəziyyət yaxşılığa doğru dəyişməyə başlayıb, mühüm uğurlara nail olunub. Dövlət büdcəsinə daxilolmaların həcmi artıb. Qeyri-leqal məşğulluğun qarşısının alınmasında əhəmiyyətli irəliləyiş əldə olunub və maliyyə intizamı artırılıb.

Millət vəkili Anar Məmmədov “Sherg.az”a bildirib ki, aparılan ciddi islahatlar və dəyişikliklərlə 2020-ci ilin 1-ci rübündə dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 21.3% artaraq 1.4 mlrd. manatı üstələyib:

“Eyni zamanda 2019-cu il və cari ilin birinci rübü ərzində əmək müqavilələrinin sayı 172 mindən çox artıb. Lakin qeyri formal məşğulluqla sadəcə dövlətin mübarizə aparmağı kifayət deyil. Eyni zamanda vətəndaşlar da bu işdə maraqlı olmalı və işəgötürəndən bunu tələb etməlidirlər.

Çünki əks təqdirdə vətəndaşlar dövlətin maliyyə dəstəyinin böyük hissəsindən kənarda qalır. İşsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilmirlər. İşəgötürənlər də bu işdə eyni dərəcədə maraqlı olmalıdırlar.

Xüsusilə pandemiya dövründə biz bunun şahidi olduq. Dövlət tərəfindən iqtisadi sahələrə və əhaliyə nəzərdə tutulan güzəştlər təbii olaraq öz dövriyyəsini ağartmış subyektləri əhatə etdi. Qeyri-formal fəaliyyət göstərənlər isə dövlətin yaratdığı imkanlardan bir çox hallarda məhrum oldu. Dövlət bütün güzəşt və stimullaşdırıcı tədbirlərini yalnız dövlətlə əməkdaşlıq edən sahibkar və vətəndaşa şamil edə bildi”. 

Parlament üzvü vurğulayıb ki, dövlətimiz hətta qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərən və “kölgə”də olan vətəndaşlarına belə ən çətin dövrlərdə sosial dövlət mövqeyindən çıxış edərək öz dəstəyini göstərir:

“Pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi rejimli karantin dövründə qeyri-formal məşğul vətəndaşlar şəffaf olmayan gəlir mənbəyini itirmiş oldular. Lakin ölkə başçısının humanizmi, Azərbaycan vətəndaşına diqqət və qayğısı nəticəsində hətta əvvəllər qeyri-formal sektorda çalışanların sosial müdafiəsinin də nəzərə alınması təmin edildi.

Ölkə başçısının qeyd etdiyi kimi “burda təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməli, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar. 

Əks halda, əmək müqaviləsinin və şəffaf fəaliyyətinin olmaması koronavirus dövründə olduğu kimi, vətəndaş üçün yeni həyat dərsinə çevriləcək”.