“Türkiyə-Azərbaycan müttəfiqliyinin çox dərin kökləri var”  

“Ermənistan doğrudan da narahatlıq keçirirsə, işğal etdiyi Azərbaycan torpaqlarını  tez bir zamanda tərk etsin"

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə hərbi təlim keçirilir. 
 
Türkiyə və Azərbaycan ordularının hərbi təlimlərini bəzi qüvvələr Tovuz hadisələri ilə əlaqələndirsə də siyasilər fərqli nüanslara toxunub. Bu təlimlər mövsümi xarakter daşıdığını vurğulayan politoloqlara görə,  hazırda da yay mövsümü ilə əlaqədar keçirilir. Bununla belə, düşmən tərəfi indidən qorxuya düşüb. İstənilən halda düşmənin qorxu içində qalması yaxşıdır. Azərbaycan bu təlimlər olmasa belə, Ermənistanı qorxuya salmağa qadirdir.



İllik plana uyğun olaraq vaxtaşırı bu cür təlimlərin keçirildiyini vurğulayan millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında bu  hadisəni olduqca yüksək qiymətləndirib:  

"Qardaş Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında təbii, tarixi strateji müttəfiqlik əlaqələri mövcuddur.

 Əlbəttə, istənilən ölkə ilə ortaq maraqlar üzərindən çıxış etməklə strateji müttəfiqlik əlaqələri yaratmaq olar. Ancaq Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqliyin çox dərin kökləri var.  

Ona görə də biz bu birliyi təbii- tarixi strateji müttəfiqlik adlandırırıq. Təkcə ötən əsrdəki münasibətlər tariximizə diqqət etsək görəcəyik ki , Azərbaycanda Xalq Cümhuriyyəti qurularkən Qafqaz İslam ordusu , Türkiyədə Cümhuriyyət qurularkən isə azərbaycanlılar nə qədər fədakarcasına bir - birilərinin yanında olmağı bacarıblar.

Bu və buna bənzər çoxsaylı qardaşlıq münasibətləri bu gün də siyasi tariximizin hazırki mərhələsində mütəfiqliyimizi zəruri edir. Hazırkı mərhələdə Türkiyə Azərbaycan ittifaqı təkcə iki ölkənin maraqları baxımından deyil bütövlükdə regionumuzda sabitliyin və inteqrasiyanın təmin edilməsi baxımından da olduqca əhəmiyyətlidir. 

Çünki bu iki qardaş dövlətin səyləri ilə gerçəkləşdirilən starteji enerji və nəqliyyat kommunikasiya layihələri təkcə Qafqaz regionu üçün deyil, bütövlükdə Avropa üçün də strateji əhəmiyyətə malikdir. Ona görə də bu münasibətlər böyük bir geostrateji rayonda mühüm hərbi-siyasi tarazlıq yaradır. 
Ermənistan regionda yeganə ölkədir ki , işğalçılıq siyasəti həyata keçirməklə Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, bölgədə daima terror siaysəti həyata keçirb, digər qonşu ölkələrə qarşı da torpaq iddiaları irəli sürməklə bölgənin ümumi inteqrasiyasına və əməkdaşlığına ciddi ziyan vurub. Eyni zamanda özünü regional əməkdaşlıqdan və inteqrasiyadan mərhum edib. Ona görə də əməkdaşlıq və tərəfdaşlığın rəmzi olan və regional təhlükəsizliyə xidmət töhfə məqsədilə keçirilən bu təlimlərdən narahat olur".

Erməni işğalçı ordusunun Tovuz istiqamətindəki dövlət sərhəddində törətdiyi təxribatla bu təlimlərin əlaqəsinə gəldikdə isə millət vəkili deyib ki,  bunlar arasında əlaqə qurmaq yalnız erməni xəstə təxəyyülünün məhsulu ola bilər:

"Azərbaycanın güclü ordusu var öz ərazi bütövlüyünü bərpa edəcək professional kadrlara , texniki təchizata və yüksək döyüş qabiliyyətinə malikdir. Ona görə də ermənilər hadisəni bu cür təqdim etməklə əslində Türkiyə - Azərbaycan müttəfiqliyini siyasi şantaja məruz qoymağa çalışır ki ,bu da baş tutan məsələ deyil. Əgər Ermənistan doğrudan da narahatlıq keçirirsə, işğal etdiyi Azərbaycan torpaqlarını  tez bir zamanda tərk etsin".