Generalın əsgərindən növbəti “döyüş tapşırığı”-  “Öncə vətən!” gəlir !

“Polad Həşimov həm də “Azərbaycan yaraları” sözlərini müntəzəm olaraq təkrarlayırdı”

“Komandirim deyirdi ki, biz kişiyiksə, yaralara məlhəm olmalıyıq”



Genaral-mayor Polad Həşimov Tovuz döyüşlərində şəhid olandan bəri onun haqqında danışılır, xatirələr dilə gətirilir. Müxtəlif adamlar cənab general haqqında film çəkdiklərini, kitab yazdıqlarını elan ediblər. Çoxları işə artıq başlayıb. Bu, şəhidlərin əslində heç vaxt ölmədiyini, əksinə, ölümsüzləşdiyini göstərən ən bariz faktdır. 


 
Belə təşəbbüskarlardan biri də vaxtı ilə Polad Həşimovun əsgəri olmuş gənc yazıçı Nicat Həşimzadədir. O, şəhidimiz haqqında xatirələri toplayaraq bir kitab hazırlayır. Müəllif bu addımı haqqında “Sherg.az”a danışıb:

- Necə oldu ki, Polad Həşimov barədə kitab yazmağı qərara aldınız?

- Bilindiyi kimi, mən onun əsgəri olmuşam. Həmin vaxt polkovnik rütbəsi daşıyan şəhidimiz hərbi hissə komandiri idi. Çox yaxşılıqlarını, qayğıkeşliyini görmüşük. Komandirimizin şəhid olduğunu eşidəndə sözün əsl mənasında şok oldum. Xeyli müddət özümə gələ bilmədim. Bir müddət sonra “Facebook” sosial şəbəkəsindəki şəxsi hesabımda onunla bağlı xatirələrimi yazdım. Ardınca digər əsgər yoldaşlarımız da öz xatirələrini bölüşdülər. Beləliklə, bütün yazılardan ibarət kitab yazmağı qərara aldım. 

- Kitabı hansı vəsaitlə nəşr edəcəksiniz?

- Öz vəsaitimizlə. Satışa verilməyəcək. Kim, hansı vətəndaş istəsə, ona hədiyyə edəcəyik. 700-dək insan bu barədə bizə müraciət edib, kitab istədiyini deyib. Əgər kifayət qədər vəsait yığılsa, tiraj iki minə qədər ola bilər. 

- Kitabda əsgər yoldaşlarınızın dediklərindən savayı, kimin xatirələri toplanacaq?

- Şair dostum Qismət Məsim Qəbələnin Vəndam kəndindəndir. O, şəhidin ailəsi ilə görüşəcək. Karantin rejimi bitən kimi kəndə gedib həm məsləhətləşəcək, həm də xatirələrini öyrənəcəyik.
 
- Bəs kitabın adı nədir?

- Düzü, konkret müəyyənləşdirməmişəm. General-mayor briqada qarşısında tez-tez, özü də böyük şövqlə “Öncə vətən!” ifadəsini işlədirdi. Ola bilsin, kitabın adına elə bu sitatı seçək. O, həm də “Azərbaycan yaraları” sözlərini müntəzəm olaraq təkrarlayırdı. Komandirim deyirdi ki, biz kişiyiksə, yaralara məlhəm olmalıyıq. Bu fikirdən də istifadə edə bilərik. Ancaq hələ dəqiq deyil. 

- Yəqin, bilirsiniz ki, Polad bəy haqqında “Komandir” bədii filmi çəkiləcək. Necə düşünürsünüz, sizin kitabınız əsasında da bir film çəkilə bilərmi?

- Əlbəttə, çox yaxşı fikirdir. Lakin rejissor və ssenarist dostlarımızın köməkliklərinə ehtiyacımız olacaq. Ümumiyyətlə, bəzi adamlar mənə deyirdilər ki, çox adam kitab yazmağa, film çəkməyə başlayıb, sən onları qabaqlamaq üçün tələs. Amma komandirim haqda nə qədər yazılsa, danışılsa azdır. Polad Həşimov qat-qat artığına layiqdir. Ona görə də tələsmir, keyfiyyətli iş ortaya qoymağa çalışıram. 

- Gələcəkdə digər şəhidlərimizin xatirəsinə kitab yazmağa dair fikirləriniz necədir?

-General-mayor Polad Həşimovu tanımağım, onun əsgəri olmağım mənim üçün böyük şans idi. Şəhidimizlə bağlı xatirələrim olduğuna görə, bu kitabı ərsəyə gətirməyim elə də çətin deyil. Fəqət başqa şəhidlərimiz barədə kitab yaza biləcəyimdən əmin deyiləm.