Girovun bacısı: “Şahbaz məktubda yazıb ki...”

Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 6 ildir, Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Dövlətimiz girovların azad edilməsi məsələsini hər zaman diqqət mərkəzində saxlayır. Soydaşlarımızın azad olunması üçün zəruri tədbirlər görülür.

Girovların tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri və aidiyyəti beynəlxalq təşkilatlar Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidirlər. Amma bu məsələ 6 ildir, həllini tapmır.

Girovların durumunu öyrənmək məqsədilə ailə üzvləri ilə əlaqə saxladıq. Ş.Quliyevin bacısı İradə Quliyeva “Sherg.az”a açıqlamasında qardaşından yeni bir xəbər olmadığını bildirdi: 

“10 gün qabaq Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qardaşıma baş çəkib. Sonuncu dəfə isə 1 ay öncə məktub yazmışdı. Məktubda heç bir narahatlığı olmadığını, hər şeyin normal olduğunu yazıb”. 

Qeyd edək ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.

Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər.

Həsən Həsənov isə güllələnərək öldürülüb. 2014-ci il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.