Türkiyə Super Liqasında komanda sayı artırılıb


Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlunun iştirakı ilə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə bağlı yaranan fasilədən sonra davam etdirilən Türkiyə çempionatı ilə bağlı bir sıra qərarlar qəbul olunub.

2019/20 mövsümünün yekununda Super Liqanı tərk etməli olan “Yeni Malatyaspor”, “Kayserispor”” və “Ankaragücü” yüksək dəstədə saxlanılıb. Super Liqaya yüksələn 3 yeni komanda hesabına 2020/21 mövsümündəki iştirakçı sayı 21-ə qaldırılıb. 2021/22 mövsümündə isə bu rəqəm 20-yə düşəcək.

Həmçinin, legioner limitinin 2020/21 mövsümündən dəyişdirilməsi bir illik təxirə salınıb. Qaydalardakı yenilik qarşıdakı mövsüm deyil, sonrakı mövsümdən tətbiq ediləcək.

Federasiya prezidenti Nihat Özdəmir qərarlara aydınlıq gətirərək bildirib ki, Super Liqa ilə yanaşı, 1-ci, 2-ci və 3-cü liqada da aşağı dəstəyə yuvarlanma olmayacaq. Gələn yay Super Liqanı 4 komanda tərk edəcək, 3 klub gələcək və bununla iştirakçı sayı 20-yə endiriləcək. 1-ci liqanın qarşıdakı mövsümündə isə 18 iştirakçı olacaq.