Bakı bir də mənasız danışıqlara getməyəcək

Ona görə son proseslərlə bağlı Moskvanın mövqeyini dəqiqləşdirməyə çalışır

Əgər tərəflər arasında növbəti müzakirələr əhəmiyyətsiz başa çatarsa, Azərbaycan tərəfi problemi hərbi yolla həll etməyi qərarlaşdıracaq. Bu da region üçün çox risklidir


Xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovu qəbul edərkən Dağlıq Qarabağ münaqişəsi və Tovuz hadisələri haqda fikir mübadiləsi aparıb. Nazir Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış şəkildə sərhəddə törətdiyi növbəti hərbi təxribat və bölgədəki vəziyyət barədə həmsöhbətini məlumatlandırıb.

Ermənistan tərəfinin bu təxribatla heç bir məqsədinə nail olmadığı, əksinə, beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşdiyi vurğulanıb. XİN rəhbəri münaqişənin nizama salınması istiqamətində danışıqların aparılmasının zəruriliyini qeyd edib. ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovla telefon söhbətinə istinad edən nazir Azərbaycanın görüşlərə görüş naminə qatılmadığını və ölkəmizin nəticəyə yönəlik danışıqlar tələb etdiyini bildirib. Səfir Boçarnikov isə problemin həllinin hər zaman ölkəsinin diqqət mərkəzində saxlanıldığını və Moskvanın mövqeyinin bəlli olduğunu söyləyib. 

Yeni nazirin Rusiya təmsilçisi ilə görüşünü “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, xarici işlər naziri Ceyhun Bayramovun həmsədrlərlə ilk təmasları tanışlıq xarakteri daşıyır. Analitikin fikrincə, XİN başçısının səfir Mixail Boçarnikovu qəbul etməsinin və rusiyalı həmsədr İqor Popovla telefon danışığının əsas məqsədi Moskvanın son proseslərlə bağlı indiki mövqeyini dəqiqləşdirməkdir:

“Rəsmi Bakı həmsədr Rusiya ilə münaqişənin həlli prosesində ortaq məxrəcə gəlməyə çalışır. Azərbaycan tərəfi danışıqlarda real nəticələrin əldə edilməsində maraqlıdır. Hazırkı mərhələdə bu tələb daha aktualdır.

Əgər tərəflər arasında növbəti müzakirələr əhəmiyyətsiz başa çatarsa, Azərbaycan tərəfi problemi hərbi yolla həll etməyi qərarlaşdıracaq. Bu da region üçün çox risklidir”. 

İ.Vəlizadənin sözlərinə görə, həmsədrlər reallığı dərk edirlərsə, danışıqlar masasına konkret məsələlər qoymalı, müzakirələrə yenilik gətirməlidirlər:

“Danışıqların gündəmi əvvəlcədən elə tərtib olunmalıdır ki, müzakirələrin sonunda əldə tutulan nəticə olsun. Bilək ki, danışıqlar mərhələli də olsa müsbət tendensiya üzrə gedir.

Azərbaycan üçün müsbət nəticə odur ki, işğal olunmuş ərazilərimiz boşaldılsın və insanlarımız doğma yurdlarına geri dönsün. Daha sonra bölgənin təhlükəsizliyi məsələsi müzakirə oluna bilər. Danışıqlar bu istiqamətdə gedərsə, nəsə gözləməyə dəyər.

Ümumi söhbətlər gedəcəksə, bəri başdan görüş təklifləri qəbul olunmasa yaxşıdır. Çünki mənasız təmaslar vaxt itkisindən başqa heç nəyə yaramayacaq”.