Bölgələrdə barıt qoxusu var

"Əzələ nümayişi"nə İran da qatıldı

Bütün hərbi təlimlər əzələ nümayişidir və demək olar ki, hamısı müəyyən güclərə mesaj xarakteri daşıyır


İran İnqilab Keşikçiləri Qvardiyası “Uca peyğəmbər 14” adlı genişmiqyaslı hərbi təlimlərə başlayıb. İranın yeni texnikalarının sınaqdan çıxarılacağı təlimlər Hörmüz boğazı və körfəzdə keçiriləcək. Məlum olduğu kimi, bir müddət öncə Ermənistan silahlı qüvvələri Rusiya hərbçiləri ilə birgə hərbi təlimlərə başlayıb. Hərbçilər təlimlərdə kəşfiyyat və silahlı PUA-lara qarşı müqavimət bacarıqlarını göstəriblər.

Təlimdə Rusiya və Ermənistan hava müdafiə sistemləri, döyüş təyyarələri də iştirak ediblər. Bundan əlavə Rusiya təkbaşına həm quruda, həm də Qara və Xəzər dəniz hövzələrində “Qafqaz-2020” təlimlərinə başlayıb. Daha sonra Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimlərinə start verib. Ardınca isə İran Hörmüz boğazında təlimlər təşkil edib. Bir sıra ekspertlərin qənaətincə, regionun bütün ölkələrinin bu və ya digər səbəbdən hərbi təlimlərə başlaması ciddi nüanslardan xəbər verir. Əgər eyni anda keçirilən və bölgəni barıt qoxusuna qərq edən təlimlər əzələ nümayişindən başqa məqsəd güdərsə, regionda xaos yarana bilər. 

Üst-üstə düşən hərbi təlimlərlə bağlı “Şərq”ə fikirlərini bölüşən politoloq Natiq Miri deyib ki, regionun bütün ölkələri hərbi-siyasi cəhətdən aktivləşib və hər dövlət öz müttəfiqi ilə təlimlərə başlayıb. Ekspertin sözlərinə görə, Rusiyanın Qafqazda və Xəzər hövzəsində “Qafqaz-2020” təlimləri regiona ciddi təhdid kimi dəyərləndirilir:

“Rusiyanın hərbi aktivliyi regionun digər ölkələrini də hərəkətə gətirib. Bölgənin bütün ölkələri ayaqdadır. Bu da pandemiyadan sonra bütün dövlətlərin yeni nizama hazırlığının göstəricisidir. Hansı ölkələr pandemiyadan güclənərək çıxacaqsa, həmin dövlətlərin regionda və qlobal səviyyədə mövqeləri daha təsirli olacaq.

O ki qaldı İranın təlimlərinə, Tehrandan öncə ABŞ Hörmüz boğazında hərbi güc nümayişinə başladı. Uzun müddətdir Amerika-İran qarşıdurması davam edir.

Vaşinqton ciddi sanksiyalarla Tehran hökumətini cəzalandırır. Hörmüz boğazını öz nəzarətində hiss edən İranın “qulağının dibində” təlimlər keçirməklə birbaşa hərbi mesaj verir. Lakin tərəflərin qarşılıqlı təlim mesajları açıq müharibəyə səbəb olmayacaq. Noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək.

Seçkiyə bir neçə ay qalmış Tramp administrasiyasının savaş qərarı alması prezidentin gələcək perspektivi üçün ciddi fəsadlar törədər. İran da məhz Amerikaya cavab olaraq Hörmüz hövzəsində genişmiqyaslı təlimlərə başlayıb.

Hər iki ölkənin təlimləri bir-birinə hərbi-siyasi təzyiq göstərmək məqsədi daşıyır. İran həm də Yaxın Şərqdə sıxışdırılmasına və bu işdə xüsusi canfəşanlıq edən İsrailə bir növ etirazını bildirir.

Bütün hərbi təlimlər əzələ nümayişidir və demək olar ki, hamısı müəyyən güclərə mesaj xarakteri daşıyır. Hərbi təlimlər vasitəsi ilə kimin kimi dəstəklədiyi, mövqeyinin necə olduğu ortaya qoyulur. Ona görə də təlimlər yaxın günlərdə müharibə olacağı kimi şərh edilməməlidir”.