Türkiyə ordusu Ermənistanı təşvişə salıb

"Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsindən sonra ordunun müəyyən hissəsi Azərbaycanda qala bilər"


Hazırda Türkiyə-Azərbaycan birgə təlimləri keçirilir və ardıcıl olaraq qardaş ölkədən Azərbaycana hər cür dəstək veriləcəyinə dair rəsmi bəyanatlar gəlir. Regionda baş verən, dünyanın da diqqətlə izlədiyi son hadisələr fonunda rəsmi Ankaranın mövqeyi bizim üçün çox önəmlidir. Çünki daim Azərbaycanın yanında olduğunu əyani formada göstərən Türkiyə üçün hazırda prioritet məsələ ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Birgə hərbi təlimlərlə güc nümayişi də məhz bu məqsədlə gündəmə gətirilib.

Ankara hökuməti bizə olan təhdidlərin fonunda aşkar güc sərgilədi və sərt mesajlar verdi. Türkiyə bir daha göstərdi ki, ölkəmizə qarşı istənilən təxribatın və ərazilərimizə təcavüzün qarşısını kəskin şəkildə alacaq. Rəsmilərdən gələn son günlərin siyasi bəyanat və hərbi təlimləri də buna işarədir. Türkiyə də bizim kimi müşahidə edir ki, həmsədrlər, aparıcı ölkələr və BMT faktiki olaraq işğala susur, erməni təxribatlarına göz yumurlar. Belə bir vəziyyətdə Türkiyənin ölkəmizin maraqlarının müdafiəsinə qalxması, Azərbaycan ordusu ilə birgə təlimlər keçirməsi düşmənə və onun havadarlarına ciddi mesaj xarakteri daşıyır, eyni zamanda regionda stabilliyin və sülhün qarantı sayılır. 

Prezidentin köməkçisi Hikmət Hacıyev də bildirib ki, Türkiyə bir çox cəbhədə qlobal qüvvəyə çevrilmiş proaktiv ölkədir. Eyni zamanda Türkiyə, müxtəlif regionlarda sülhü təmin edən böyük dövlətdir:

“Azərbaycan bir çox sahələrdə Türkiyənin nailiyyətləri ilə fəxr edir. Türkiyə həm regional, həm də qlobal miqyasda etimad və sülhün qarantıdır. Azərbaycan və Türkiyə orduları arasında planlaşdırılan birgə təlimlər ölkənin düşmənləri üçün çoxmənalı siqnal olacaq. Təlimlər Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın möhkəmliyini və ölkələrimizin həmrəyliyini nümayiş etdirir”. 

İşğalçı Ermənistan Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini narahatlıqla izləyir. İyulun 28-də bu ölkənin müdafiə naziri David Tonoyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb. Tonoyan bölgədə atılan hərbi addımların stabilliyin pozulmasına xidmət etdiyi haqda iddialar səsləndirib, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına diqqət çəkib. Eyni gündə Ermənistan hakimiyyət təmsilçiləri ABŞ-ın bu ölkədəki səfiri ilə də bir araya gəliblər. Açıq-aydın görünür ki, İrəvanda Bakı-Ankara hərbi əməkdaşlığının intensivləşməsi təşviş doğurub. Ermənistan Xarici İşlər Nazirliyi də son şərhində hərbi təlimi bölgədə vəziyyətin gərginləşməsinə yönələn təxribat kimi qiymətləndirib. 

Birgə təlimləri “Şərq”ə təhlil edən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə-Azərbaycan hərbi təlimləri regionda yeni siyasi mərhələni başladacaq. Siyasi şərhçinin sözlərinə görə, ermənilərin Tovuz təxribatı Cənubi Qafqazda yeni geosiyasi nizamın formalaşmasına gətirməklə, Türkiyənin regionda möhkəmlənməsinə səbəb olacaq:

“Azərbaycana qarşı yönələn bu təxribatlarda Türkiyə daha aktiv şəkildə ölkəmizi dəstəklədi və regionda möhkəmlənmək planını reallaşdırmağa başladı. Hamıya bəllidir ki, bölgədə baş verən siyasi-hərbi qarşıdurmanın arxa fonunda başqa ölkələr durur.

Məqsəd Ermənistan əli ilə Azərbaycanın netf-qaz və nəqliyyat dəhlizlərinə nəzarət etmək idi. Xarici güclərin planı məhz Türkiyənin qətiyyətli mövqeyi sayəsində pozuldu. Türkiyə öz ordusunu təlim məqsədi ilə Azərbaycana göndərdi.

Prezident Ərdoğan da təxribatların arxasında başqa oyunçuların olduğunu vurğulamış, baş verənlərə seyirçi qalmayacaqlarını demişdi. Türkiyə müstəqilliyimizdən bu yana ilk dəfədir ki, ayrı-ayrı rayonlarda müxtəlif növ hərbi təlimlərini keçirməyə qərar verib. Bu təlimlər eyni zamanda Rusiyanın “Qafqaz 2020” təlimlərinə də bir cavabdır”. 

Analitik vurğulayıb ki, müəyyən oyunçular Azərbaycan generalını şəhid etməklə, psixoloji üstünlük qazanmaq istədilər. Lakin bütün planları alt-üst oldu:

“Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsindən sonra ordunun müəyyən hissəsi Azərbaycanda qala bilər. Türkiyə və Rusiya prezidentlərinin telefon danışıqları göstərir ki, Moskva güclü Ankara reallığını qəbul etmək məcburiyyətində qalıb.

Cənubi Qafqazda iki ölkənin ciddi qarşıdurması gözlənilmir. Tərəflər arasında “S-400 – Triumf” raketlərinin satılması barədə razılıq əldə edilib. Türkiyə reallığını qəbul edən Rusiya bu ölkə ilə birbaşa üz-üzə gəlməkdə maraqlı deyil.

Bu da Türkiyənin bölgədə daha çox möhkəmlənməsinə və Ermənistanı daim təşvişdə saxlamağa imkan verir”.