Bölgələrdə nəzarət çox zəifdir

Karantin rejimi pozulduğuna görə bir kənddə 30 nəfər koronaya yoluxub


“Kürdəmir rayonunun bir kəndində 30-dan çox sakinin koronavirusa yoluxması karantin qaydalarının ciddi şəkildə pozulduğunu göstərir”.

Bu barədə “Şərq”ə danışan ictimai xadim Azər Allahverənov qeyd etdi ki, harda ki, karantin qaydalarına laqeyd yanışılır, məsuliyyətsiz davranılır, orada virusa yoluxma sayının çox olması gözləniləndir.  

Qeyd edək ki, Kürdəmir rayonunun Sığırlı kəndində bir müddət öncə koronavirusa kütləvi yoluxma halı qeydə alınmışdı. İndi isə rayonun Pirili kəndinin 30-dan çox sakinində yeni növ koronavirus aşkarlanıb. Faktı Sputnik Azərbaycan-a Pirili kənd bələdiyyə sədri Ziya Kərimov təsdiqləyib. O bildirib ki, hazırda özü də xəstəxanadadır: "Mən özüm hazırda xəstəxanadayam. Koronavirusa yoluxduğum üçün müalicə alıram. Kəndimizdə 30-dan çox sakin bu virusa yoluxub".



Z.Kərimov kütləvi yoluxma ilə əlaqədar Pirili kəndində gücləndirilmiş dezinfeksiya tədbirləri aparıldığını söyləyib.

Kürdəmir rayonunda koronavirusa kütləvi yoluxma halının baş verəcəyi təxmin edilməliydi. Çünki bu rayonda karantin rejimi qaydalarının pozulmasına dair məlumatlar verilir, qayda pozucuları ilə bağlı qanunvericiliyə uyğun tədbir  görüldüyü bildirilirdi. Məsələn, bir müddət əvvəl 20 nəfərdən çox rayon sakini karantin rejimini kobud şəkildə pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə olunmuşdu. Rayon ərazisində 21 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdi. 

Bundan başqa rayonun Şilyan kənd sakini Məmmədov Əsəd icazəsiz olaraq mağaza işlətdiyinə görə saxlanılaraq rayon polis şöbəsinə aparılmışdı. Baxmayaraq ki, rayonun küçə və prospektlərində, eləcə də bütün kəndlərdə ümumilikdə 105 müvəqqəti karantin postları yaradılıb və polis gücləndirilmiş iş rejimində xidmətini davam etdirir, yenə də yerli sakinlər arasında karantin qaydalarını pozanlar çoxluq təşkil edirdi. 

Karantin rejimi başlayandan bəri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə müraciətlərin sayında da artım müşahidə edilir və xəstəxanada yaradılmış 6 briqada ilə yanaşı bir neçə kənd tibb məntəqəsinin də gücləndirilmiş iş rejimində çalışdığı qeyd edilir. 

Yoluxma sayının artmasına səbəb yalnız vətəndaş məsuliyyətsizliyidirmi? 

A.Allahverənov qeyd etdi ki, yoluxma sayındakı artıma görə həm yerli sakinlər, eyni zamanda yerli icra orqanları da məsuliyyət daşıyır: 

- Bölgələrdə yoluxma statistikasındakı artım ondan xəbər verir ki, orada nəzarət zəifdir. Yenə də Gürcüstan təcrübəsini misal çəkəcəyəm. Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində bir nəfərdə koronavirus aşkarlanıb, bütün kənd karantinə alınıb, giriş-çıxış dayandırılıb. Deməli, virus lokallaşdırılıb. Ona görə də orada kütləvi yoluxma halları baş vermir. Görünür, bizim bəzi bölgələrdə hələ də səhlənkarlıq, məsuliyyətsizlik hökm sürür. Birincisi, yoluxmanın harada, hansı amillərin təsiri ilə baş verdiyi öyrənilməlidir ki, ona qarşı tədbir görülsün. Məlum olan budur ki, ayrı-ayrı bölgələrdə kütləvi mərasimlər hələ də keçirilir.

Kimisi şadyanalıq keçirir, kimisi də yas mərasimi. Yerli camaatda belə yanaşma var ki, filankəsin yasına, xeyir işinə getməsək, üzümüz “qara” olacaq, sabah üz-üzə gələndə xəcalət çəkəcəyik. Daha anlamaq istəmirlər ki, təhlükəli bir virus bizimlə yanaşı addımlayır, bir nəfərin hansısa məclisdə iştirakı, təkcə özünün deyil, ailənin digər üzvlərinin də yoluxması, həyatlarının təhlükəyə atılmasıdır.

Belə bir vaxtda nə qədər məsuliyyətsiz və nadan olmalısan ki, ad günü, kiçik toy keçirəsən, yas mərasimi təşkil edəsən. Belələri birmənalı şəkildə vətəndaş məsuliyyətini itirmiş insanlardır.  Bəs yerli icra orqanları hara baxır? Kənddə, rayon mərkəzində baş verən hadisələrdən hamı xəbərdar olur. Polis var, sahə müvəkkilləri, icra nümayəndələri var.

Onlar bu cür hallara göz yummamalıdır. Niyə bu rəsmi strukturların əməkdaşları bu cür kütləvi tədbirlərin qarşısını almır? Deməli, məsuliyyətsizdirlər, vəzifələrinin öhdəsindən gələ bilmirlər. Eyni zamanda vətəndaşlarımız da məsuliyyətsizdi, ictimai qınaq göstərə bilmirlər. Qohumla, qonşuyla münasibətləri korlamaq istəmirlər. Amma düşünmürlər ki, virus qohuma-qonşuya baxmır. Bir nəfər 100 və daha artıq insanın yoluxmasına səbəb ola bilər. Bu məsələdə yerli icra orqanları vəzifələrinə ciddi yanaşmalı və insanların qrup şəklində toplaşmasının qarşısını almalıdırlar. 

A.Allahverənov qeyd etdi ki, yerli icra strukturları marketlərdə, iaşə obyektlərində müntəzəm reydlərin keçirilməsini təmin etməli, əhali arasında daim maarifləndirmə işi aparmalıdırlar. Ən əsas nəzarət isə vətəndaş məsuliyyəti və ictimai nəzarətdir: 

- Hər birimiz ilk növbədə özümüzdən başlayaraq qaydalara əməl etsək və qayda pozanlara qarşı ictimai nəzarəti yerinə yetirsək, virusa qalib gələcəyik.