Qumar, narkotika çox evləri yıxdı

Borçalı gəncliyinin beynini indi də dini fanatizm yuyur

Az qala çaxır çəlləyinin içinə girən bir toplumda mövhumatın bu qədər yayılması istər-istəməz adamda şübhə oyadır


"Kazino....narkotik...dini fanatizm... məhv edir Borçalı gəncliyini!".
Bu sözlər pediatr Vaqif Qarayevə məxsusdur. Əslən Borçalıdan olan  həkim sözügedən məsələlərlə bağlı narahatlığını şəxsi feysbuk hesabında  bu cür  ifadə edib. 

Sosial şəbəkə vasitəsilə qaldırdığı problemlərlə bağlı ətraflı şərh almaq üçün  V.Qarayevlə əlaqə saxlayıb, Gürcüstan azərbaycanlılarını məhvə aparan bu bəlaların  "dərman"ını soruşduq: "Azərbaycanlıların kompakt  yaşadığı Poniçala (Soğanlıq) ərazisi  narkotik yuvasına çevrilib.

Vaxtaşırı orada reyd keçirilir və narkotik satışı ilə məşğul olan  gənclər həbs olunur. Sonuncu reyd zamanı  9 nəfər həbs olunub. Hamısı da 18-25 yaşlı gənclərimiz. Gürcüstan qanunlarına görə, narkoticarətdə ittiham olunan insanlara çox ağır cəzalar verilir.

Hətta bəzən ömürlük azadlıqdan məhrum edilirlər. Onsuz da kələfin ucunu itirən gənclərimiz həbsxanaya düşən zaman həyatları tamamilə məhv olur. 9 nəfər azərbaycanlı gəncin  narkotika səbəbindən həbs olunması məni  həddindən artıq məyus etdi və kazino və dini fanatizm problemini də əlavə edib öz səhifəmdə problem kimi qabartdım.

Fikrimcə, qumar və fanatizm də ən az narkotika qədər  ciddi bəladır. Qumar üzündən neçə- neçə ailələr dağılıb, evlər yıxılıb. Karantinə görə indi kazinolar bağlı olsa da son illər gənclərin həddindən artıq qumara aludə olduğu müşahidə edilir. Cibində 5-10 lari olan şəxslər də gedib  qumar oynayır, borca girir. Kazinolar gecə saatlarına qədər açıq olur və bu da gəncləri təhsildən yayındırır. Təbii ki, biz kazinoların bağlanmasını tələb edə bilmərik. Axı  heç kəsi ora məcburi çəkib aparmırlar. Düşünürəm ki, problemin yeganə həlli gənclərimizin təhsilə cəlb olunmasından keçir. Bütün diqqətini elmə, təhsilə yönəldən kəsin nə  qumar, nə də narkotikaya marağı  qalacaq".

V.Qarayevin sözlərinə görə, onu ən çox narahat edən məsələlərdən biri də dini fanatizmin Borçalıya ayaq açmasıdır:

"Borçalıda doğulub- böyüyən biri olaraq indiki vəziyyət mənə qəribə gəlir. Az qala çaxır çəlləyinin içinə girən bir toplumda mövhumatın bu qədər yayılması istər-istəməz adamda şübhə oyadır. Təbii ki, burada İranın "əli" var. Daha çox Qumdan gedən gəncləri pulla şirnikləndirib öz tərəflərinə çəkirlər. Sözsüz ki, bir müsəlman olaraq dinin, gənclərimizin ibadətə meyl etməsinin əleyhinə deyiləm. Amma iranlılar din pərdəsi altında  Gürcüstan azərbaycanlılarının beyinlərini yuyub onlardan "fanat ordusu" yaradırlar. Az savadlı, əsasən də orta təhsili belə olmayan gənc azərbaycanlılar dini fanatizmə meyillidirlər. 

  Dini fanatizmin  isə nə qədər təhlükəli bir hal olduğunu  hamımız yaxşı bilirik. Fanatikin psixologiyası başqa olur.  Fanatizm virusuna qarşı yeganə vaksin isə təhsil və elmi təfəkkürdür. Gürcüstanda yaşayan soydaşlarımızın belə bir bəhanəsi var ki, oxusaq da burada bizə iş verən yoxdur.

Razıyam, yeni hökumət belə bir ayrı-seçkiliyə yol verir, amma bu hal o qədər də kütləvi xarakter almayıb axı. Əslində, Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi əsas problem gürcü dilini bilməməsindən irəli gəlir. Maraqlı məqam odur ki, bununla bağlı əhali arasında aparılan maarifləndirmə işləri də yetərli nəticə verməyib.

Uşaqlarını daha çox Bakıya təhsil almağa göndərməyə üstünlük verən borçalılar kortəbii şəkildə hesab edirlər ki, gürcü dilini öyrənməyə gərək yoxdur. Hərçənd Gürcüstan hökuməti artıq iki ildir Tiflis universitetlərinə daxil olmaq üçün azərbaycanlılara müəyyən şərait yaradıb.

Hazırda soydaşlarımız öz ana dillərində imtahan vermək haqqına sahibdirlər. Bunun ardından isə 1 il dil öyrənmək üçün hazırlıq keçməlidirlər. Sonrakı mərhələdə isə gürcü dilində təhsil almaq prosesi başlayır".