Fədakarlıq və cəsarət lazımdır

Azərbaycan Türkiyə birliyi yalnız özünümüdafiə xarakteri daşımamalıdır, tarixi, siyasi ideoloji şüurun bərpasına yönəlməlidir

Ermənilərin dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi  təxribatla əlaqədar Azərbaycanla Türkiyə arasında hərbi  birliyin gücləndirilməsi məsələsi yenidən aktuallaşıb. Son günlər hər iki ölkənin müxtəlif təbəqələrində bu istiqamətdə  müzakirələr aparılır. 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk dünyası ilə əlaqələr üzrə müavini Faiq Ələkbərlinin sözlərinə görə, bu müzakirələrə səbəb ilk baxışda qısamüddətli "iyul döyüşləri" olsa da, daha dərin tarixi, siyasi-ideoloji səbəbləri var:

"Biz bilirik ki, yaxın tariximizdə Əfşarlar Türk dövlətinin qurucusu Nadir şah Əfşar Osmanlıya belə bir istəkdə bulunub. Qacarlar türk dövləti də çarlıq Rusiyasına qarşı mübarizədə Osmanlılarla müttəfiqlik arayışlarına baş vurub.  Eyni addımı 1918-ci ilin mayında yaranan Azərbaycan Cümhuriyyəti də atıb.

Yeri gəlmişkən, 20-ci əsrin əvvəllərində Türk birliyi ilə bağlı iki nəzəriyyə: 1. Özəkçi, yəni vahid türk dövlətinə əsaslananlar, 2. Milli-məhəlli türk dövlətlərinin olmasını istəyənlər var idi. Birinci, ideyanın nəzəriyyəsini əsas müəllifi böyük türk mütəfəkkiri Əli Bəy Hüseynzadə olduğu halda, ikinci ideyanı da əsas müdafiə edənlərdən biri, yenə də Azərbaycan türk mütəfəkkiri, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə olub. Əlbəttə, könüllərimiz daha çox birinci ideyanın gerçəkləşməsindən yana olsa da, reallıq ikinci ideyanın yanında idi. Əslində ikinci ideyanı müdafiə edənlər də, türk birliyindən yana idilər.

Sadəcə olaraq, bu birlik türk federasiyası formasında olmalı idi. Yəni müstəqil türk dövlətləri bərabər səviyyədə bir federasiyada birləşməli idilər. Ancaq 1920-ci ildən sonra Türkiyə istisna olmaqla, digər türk dövlətlərinin müxtəlif şəkillərdə Sovet Rusiyasının, Çinin, Pəhləvilərin, İraqın, Suriyanın və başqa dövlətlərin tam və yarım vassallarına çevrilməsi bu prosesi yarımçıq qoydu. Yalnız keçmiş Sovetlər birliyinin dağılması, bundan sonra 5 müstəqil türk dövlətinin meydana çıxması türk birliyi ideyasını yenidən gündəmə gətirib" .

F.Ələkbərlinin sözlərinə görə, Mustafa Kamal Atatürkdən sonra türkçülük yolunda problemlər yaşayan Türkiyə buna hazır olmadığını bəyan etdi. Eyni zamanda həmin türk dövlətlərində Qərbin, Çinin, İran adlanan ölkənin, Rusiyanın təzyiqləri davam etdiyi üçün, bu ideyalar şüardan o tərəfə keçə bilmədi:

"Bu gün Azərbaycan Türkiyə birliyini, ümumiyyətlə, türk dövlətlərinin birliyini dar çərçivədən kənara çıxarmaq lazımdır. Bu birlik yalnız özünümüdafiə xarakteri daşımamalı, tarixi, siyasi ideoloji şüurun bərpasına yönəlməlidir.

Bütöv Azərbaycan Ocaqları olaraq əsas hədəfimiz də, müstəqil türk dövlətlərinin birliyinin altyapısını hazırlamaqdır. Bunun üçün Azərbaycan-Türkiyə birliyinin, üçüncü bir dövlətə qarşı olmadan güclənməsi taktikasıdır. Şübhəsiz, bundan biriləri hər zaman narahat olublar və olacaqlar da. Ancaq bu o demək deyil ki, biz bundan geri çəkiləcəyik. Hər şeyi xalqların iradəsi həll edəcək. Əgər türk xalqları istər müstəqil, istərsə də yarım müstəqil olsun, bu iradəni ortaya qoysalar, bunun qarşısında heç bir güc dayana bilməyəcək.

BAO olaraq, Azərbaycan türklərinin bu məsələdə, yəni türk dövlətlərinin birliyinin altyapısının formalaşmasında yerimizi və rolumuzu yaxşı bilirik. Biz əsla unutmamalıyıq ki, hər şeyi türk xalqlarının iradəsi həll edəcək.

Bu birlik iradəsini formalaşdırmaq da türk ziyalılarının, qabaqcıl insanlarının boynuna düşür. Əgər müstəqil türk dövlətlərinin birliyini istəyiriksə, bunun üçün "ağ atlı oğlan"ın gəlməsinə ehtiyac yoxdur. Hər birimiz, yəni özümüz özümüzün xilaskarı ola bilərik. Bunun üçün sadəcə, bir qədər fədakarlıq və cəsarət lazımdır. Bir sözlə, türk xalqlarının birliyinin baş tutması üçün bir addım atmaq, yüz addımı özü ilə bərabər gətirəcək".