İstehsalatda bədbəxt hadisələrin sayı artır – Nəzarət yoxdur ?  

Fəhlə torpaq uçqunu altında qalaraq dünyasını dəyişib

“Bəlkə də, fəhlənin heç əmək müqaviləsi olmayıb”

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin torpaq uçqunu altında qalması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal çağırış ünvanına Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kanalizasiya xəttinin çəkilməsi üçün qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən 1962-ci il təvəllüdlü Paşayev Zakir Yasin oğlu dərinliyi təxminən 2,5 metr olan çuxurda uçqun altında qalıb.

Xilasedicilər müvafiq təhlükəsizlik tədbirlərini görüblər. Torpaq uçqunu altında aşkarlanan Z.Paşayevin meyiti çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bu barədə “Sherg.az”a danışıb. O, konkret hadisədə çoxlu sualların olduğunu deyib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət komissiyası yaratmalıdır. İstehsalat zədələnməsi aktı tərtib olunmalı və  dövlət əmək müfəttəşliyinin müvafiq məsul şəxsinin sədrliyi ilə hadisə araşdırılmalıdır. Əgər əmək müqaviləsi imzalanıbsa, eləcə də, mərhumun istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərina aid sığortası varsa, onda fəhlənin azyaşlı vərəsəsinə, yaxud da əlil ailə üzvlərindən birinə kompensasiya ödənilməlidir. Amma dediyim kimi, əvvəlcə, hadisə araşdırılmalıdır. Bəlkə də, fəhlənin heç əmək müqaviləsi olmayıb”.